Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Prezidenti Abdullah Gül BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə görüşüb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən bildirib.
Məlumatda deyilir ki, görüş zamanı Gül regiondakı münaqişə fonunda Türkiyə ilə İran arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə vacib olduğunu, xüsusilə bu ölkələrin Suriya münaqişəsinin həll olunmasında öz səylərini aktivləşdirməli olduqlarını vurğulayıb.
Gül, o cümlədən bildirib ki, son zamanlar İranın Qərblə münasibətlərə dair bəyanatları daha pozitiv xarakter alıb və bu da İran və Qərb ölkələri arasında danışıqlara müsbət təsir göstərəcək: "Ankara ümid edir ki, İran Qərb ölkələri ilə danışıqlarda hazırkı mövqeyini dəyişməyəcək və bu həm İran xalqının, həm də ölkə hökumətinin maraqlarına xidmət edəcək".
Türkiyə və İran prezidentlərinin görüşündə, o cümlədən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və inkişaf naziri Cevdet Yılmaz da iştirak ediblər.