...

DİN Oqtay Gülalıyevin oğlunun polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması məsələsinə aydınlıq gətirdi

Siyasət Materials 27 Sentyabr 2013 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Oqtay Gülalıyevə istinadən bəzi KİV-lərdə onun oğlu Əli Gülalıyevin guya öz evində polis əməkdaşları tərəfindən təzyiqə və basqına məruz qalması haqqında yayılmış məlumatlar qərəzlidir və həqiqətəuyğun deyil. Oqtay Gülalıyevin evinə polis basqınından söhbət belə gedə bilməz. Basqın sözü polis əməkdaşlarının xidməti ilə bir araya sığmayan qeyri-etik ifadədir. Polis əməkdaşları həmin ünvana yalnız öz qanuni vəzifələrini yerinə yetirmək məqsədilə və Əli Gülalıyevin valideynlərini öncədən xəbərdar etməklə gediblər. Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə bildirib.

Şöbə rəisi O.Gülalıyevin polis əməkdaşlarının ondan xəbərsiz sentyabrın 26-da evinə basqın etdikləri, oğlu Əlinin köməksiz vəziyyətindən istifadə edərək zorla ifadə almağa çalışdıqları, guya Babək adlı şəxs tərəfindən döyüldüyünü boynuna qoymaq üçün təzyiq etdikləri, Ə.Gülalıyevin isə təkidlə həmin şəxsi tanımadığı barədə iddialarının heç bir hüquqi əsasının olmadığını, atanın həmin məsələni bilərəkdən siyasiləşdirməyə cəhd göstərdiyini diqqətə çatdırıb:

"Əslində Oqtay Gülalıyevin oğlu Əlinin döyülməsi və xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olan kimi hadisə yerinə əməliyyat qrupu göndərilib, təhqiqat aparılıb, bütün tərəflərin izahatları alınıb. Sonra cinayət tərkibi olduğuna görə faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılıb. Bununla əlaqədar cinayət qanunvericiliyinin tələbinə görə, Əli Gülalıyevin istintaq orqanı tərəfindən dindirilməsi zərurəti yaranıb. Lakin qarşı tərəf istintaq orqanının çağırışına, ifadə vermək barədə xəbərdarlıqlarına məhəl qoymadığından işi aparan müstəntiq bir neçə polis əməkdaşı ilə birlikdə sentyabrın 26-da valideynlərini öncədən xəbərdar etməklə Əli Gülalıyevin yaşadığı evə gediblər. Lakin xidməti vəzifələrinin icrası məqsədilə həmin ünvana getmiş polis əməkdaşları burada onlara məlum olmayan səbəblərdən anlaşılmazlıqla qarşılaşıb, Ə.Gülalıyevin ifadə verməsinin faktiki əngəllənməsinin, məsələnin süni surətdə şişirdilərək ona siyasi don geyindirilməsinin şahidi olublar. Yəni aydın olub ki, ailə məsələni zorla siyasiləşdirməyə cəhd edir".

Valideynlərin hadisə zamanı övladlarının ağır xəsarət alaraq xəstəxanada cərrahi əməliyyata məruz qalması, vəziyyətinin orta ağır dərəcəli olması barədə iddialarına da münasibət bildirən şöbə rəisi qeyd edib ki, bununla bağlı istintaq orqanı tərəfindən həm xəstəxanaya, həm də məhkəmə-tibbi ekspertizasına müəyyən sorğular göndərilib. Xəstəxananın cavabından, ekspertizanın rəyindən asılı olaraq, bu məsələyə aydınlıq gətiriləcək. Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məsələyə də, valideynlərin iddialarına da istintaqın sonunda hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti