Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir S.Əhmədova /
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv dövlətlər arasında beynəlxalq arenada bir-birilərini dəstəkləmək üçün səmərəli platforma rolunu oynayır. Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin görüşündə bildirib.
Görüşdə E.Məmmədyarov hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədr dövləti kimi Azərbaycanın təşkilatın rolunun genişləndirilməsi, fəaliyyətinin və imkanlarının artırılmasına xüsusi diqqət yetirdiyini vurğulayıb və bu xüsusda 2013-cü ilin avqustunda Qəbələ şəhərində keçirilmiş Zirvə toplantısının əhəmiyyətini qeyd edib.
Qəbələ Zirvə toplantısının açılışında Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətində mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladığını xatırladan Elmar Məmmədyarov birgə mədəni, tarixi və iqtisadi dəyərləri bölüşən üzv dövlətlərin bu amillər əsasında əməkdaşlığı daha da gücləndirmək üçün əlverişli imkanlara malik olduqlarını diqqətə çatdırıb. Bu xüsusda Elmar Məmmədyarov tərəfindən üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Bakı-Tbilisi-Qars dəmiryol xətti və Trans Avrasiya super informasiya magistralı layihələrinin kəsb etdiyi əhəmiyyət qeyd edilib.
Nazir Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycana göstərilmiş dəstəyə görə üzv dövlətlərə təşəkkürünü ifadə edib.
E.Məmmədyarov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının himayəsi altında Türkdilli Dövlətlərin Mədəniyyət və İrs Fondunun yaradılması təşəbbüsünü yaxından dəstəklədiyini bildirib.