...

Zəngilanın işğalının 20-ci ildönümü ABŞ-da anılmışdır (FOTO)

Siyasət Materials 30 Oktyabr 2013 05:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən işğalı və Azərbaycan xalqının üzləşdiyi ədalətsizliyin ABŞ ictimaiyyətinə çatdırılmasına yönəlmiş fəaliyyətlər çərçivəsində Azərbaycanın Vaşinqtondakı Səfirliyi tərəfindən oktyabr ayının 29-da Zəngilan rayonun işğalının 20-ci ildönümünü yad etmək üçün xüsusi mərasim təşkil olundu.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasim iştirakçıları Zəngilan rayonu və eləcə də ondan əvvəl Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların erməni qəsbkarları tərəfindən işğal olunmasının Azərbaycan xalqına yetirdiyi ağrı-acıları dilə gətirdi, ötən 20 ilin xalqımızın bu doğma torpaqları geri qaymaq qətiyyətini zərrə qədər sarsıtmadığını bildirdi və Azərbaycanın haqq-ədalət işinin sonunda uğur qazanacağına inamlarını ifadə etdilər.

Azərbaycan diplomatiyasının beynəlxalq aləmdə erməni işğalçılarına qarşı təzyiqlərinin ildən-ilə gücləndiyi qeyd olundu və eyni zamanda ölkə rəhbərliyinin birbaşa diqqət mərkəzində olan ordu quruculuğu sahəsində ciddi fəaliyyətlərin aparıldığı xatırladıldı.

Azərbaycanın məruz qaldığı işğal ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın fərdi və kollektiv şəkildə mütəşəkkil fəaliyyətinin əvəzsiz bir əhəmiyyət kəsb etdiyi vurğulandı.

Daha sonra tədbir iştirakçılarına Zəngilanın coğrafi mövqeyi, təbiəti, tarixi, mədəni abidələri və rayon əhalinin münaqişə illərində nümayiş etdirdiyi şücaət haqqında xüsusi təqdimat nümayiş etdirildi.

Nəhayət, tədbirdən dərhal sonra Səfirlik tərəfindən Zəngilanın işğal günü ilə bağlı hazırlanmış müvafiq mətbuat buraxılışı ABŞ-ın rəsmi dairələri, yerli ictimai təşkilatlar və çoxsaylı kütləvi informasiya vasitələrinin diqqətinə çatdırıldı. Səfirliyin "Zəngilan: iki onillik qeyri-qanuni işğal" başlıqlı mətbuat buraxılışı "Yahoo! News", "Reuters", "Heraldonline" başda olmaqla ABŞ-ın 100-dən artıq aparıcı məlumat mənbələrində yayılıbdır.

Xəbər lenti

Xəbər lenti