...

Elnur Aslanov: Azərbaycan heç bir dövlətə öz ərazisi üzərində yurisdiksiyasının bərpası məsələsinə qarışmağa imkan verməyəcək

Siyasət Materials 7 Noyabr 2013 11:34 (UTC +04:00)
E.Aslanov qeyd edib ki, Azərbaycan torpaqlarının üzərində yurisdiksiyasının bərpa edilməsinə nail olmasa, müxtəlif variantlara əl ata bilər
Elnur Aslanov: Azərbaycan heç bir dövlətə öz ərazisi üzərində yurisdiksiyasının bərpası məsələsinə qarışmağa imkan verməyəcək

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Andrey Ruzinskinin dediyi fikirdə və ifadələrdə müxtəlif ziddiyyətlər mövcuddur. Bir tərəfdən, həmin şəxs Azərbaycanın Dağlıq Qarabağ üzərində yurisdiksiyasından danışır və beləliklə də təbii ki, Dağlıq Qarabağın Azərbaycana aid olmasını bir daha vurğulayır. Digər tərəfdən isə, başqa bir bəyanat verir və bu da təbii ki, ziddiyyətlərlə dolu açıqlamadır". Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov RF SQ-nin Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinskinin bəyanatına münasibət bildirərkən deyib.

E.Aslanov qeyd edib ki, Azərbaycan torpaqlarının üzərində yurisdiksiyasının bərpa edilməsinə nail olmasa, müxtəlif variantlara əl ata bilər: "Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan heç bir zaman olmadığı kimi güclüdür və heç bir zaman olmadığı kimi müstəqildir. Azərbaycanın bu gün həm çox güclü ordusu, həm də müstəqil siyasəti var. Azərbaycan heç bir tərəfə və heç bir dövlətə öz ərazisi üzərində yurisdiksiyasının bərpa edilməsi məsələsinə qarışmağa imkan verməyəcək. Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunub, Azərbaycan kiminsə torpaqlarını işğal etməyib, kiminsə ərazisinə müdaxilə etməyib. Əksinə, Azərbaycanın ərazisinə müdaxilə edilib, Azərbaycanın bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün şəraitində yaşayır. Sülh danışıqları biz istədiyimiz kimi nəticələnməsə, təbii ki, müxtəlif variantlara əl ata bilər və bu baxımdan bizə heç kim - öz şəxsi mülahizələrindən çıxış edən, rəsmi dövlət mövqeyinə zidd olan mövqelərdən çıxış edən heç bir şəxs maneçilik törədə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti