...

Elnur Aslanov: Azərbaycanda etnik, milli və dini zəmində heç bir problem yoxdur

Siyasət Materials 11 Noyabr 2013 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Azərbaycanın iştirakı olmadan regionda heç bir iqtisadi, siyasi təşəbbüslərin həyata keçirilməsi mümkün deyil". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bu gün Bakıda keçirilən MDB ölkələri gənc şərqşünaslarının II qurultayının açılış mərasimində çıxışı zamanı deyib.

E.Aslanov bildirib ki, bu gün Azərbaycanda etnik, milli və dini zəmində heç bir problem yoxdur: "Əksinə ölkəmizdə uzun illərdən bəri tolerantlıq hökm sürür. Bu gün Azərbaycan müxtəlif dinlərdən və xalqlardan olan insanların tolerant şəkildə yaşayıb, fəaliyyət göstərdiyi bir məkandır. Burada həm yəhudilər, həm xristianlar, həm müsəlman dinindən olan insanlar, xalqlar mehriban və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim ən böyük uğurumuzdur".

E.Aslanov Dağlıq Qarabağ problemindən də danışaraq deyib ki, işğalçı Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal altındadır: "Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bütün dünya da, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağı Azərbaycanın tarixi ərazisi kimi tanıyır və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinə tərəfdar çıxırlar. Bununla bağlı müxtəlif beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi var. Ancaq çox təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və hələ də davam edən ikili standartlar üzündən Qarabağ münaqişəsi öz həllini tapmayıb. Məhz işğalçılıq və qeyri-konstruktiv siyasət üzündən Ermənistan bu gün Cənubi Qafqazda təcrid olunmuş vəziyyətdədir. Ermənistan Cənubi Qafqazda həyata keçirilən heç bir siyasi və iqtisadi layihələrdə iştirak etmir. Bunun günahkarı da qeyd etdiyimiz kimi, Ermənistanın işğalçılıq siyasətini və qeyri-konstruktiv mövqeyini davam etdirməsidir. Azərbaycan tərəfi münaqişənin həllində konstruktiv mövqe və rasional yanaşma gözləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti