...

Elşad İskəndərov: Monoetnik dövlətə çevrilmiş Ermənistandan fərqli olaraq Azərbaycanda hətta ermənilər belə rahat yaşaya bilirlər

Siyasət Materials 13 Noyabr 2013 14:30 (UTC +04:00)
Avropa Parlamentində ermənistanlı jurnalistin milli azlıqlarla bağlı sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ermənilərin Ermənistandan fərqli olaraq Azərbaycanda rahat yaşaya bildiklərini deyib.
Elşad İskəndərov: Monoetnik dövlətə çevrilmiş Ermənistandan fərqli olaraq Azərbaycanda hətta ermənilər belə rahat yaşaya bilirlər

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/

Avropa Parlamentində ermənistanlı jurnalistin milli azlıqlarla bağlı sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ermənilərin Ermənistandan fərqli olaraq Azərbaycanda rahat yaşaya bildiklərini deyib.

Trend-in məlumatına görə, noyabrın 12-də Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında "Sərhədsiz İnsan Hüquqları" beynəlxalq təşkilatı tərəfindən hazırlanmış "Azərbaycanda dini azlıqlar: tarixdən müstəqiliyə doğru" adlı hesabatın təqdimatı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov da çıxış edib:

"Çox önəmlidir ki, bu hesabat məhz Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində və məhz Avropa Parlamentində təqdim edilir. Bu hesabatın ayrı-ayrı müddəaları ilə razılaşmasaq da, ümumilikdə sənəd Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv əks etdirir. Ümidvarıq ki, zaman-zaman dünyada dinlərarası gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə edən Avropa Parlamentinin daha çox üzvü bu hesabatla tanış olduqdan sonra Avropa qitəsində unikal və pozitiv bir modelin olması həqiqətlərinə gözləri açılacaq. Bu, əhalisinin əksəriyyətinin müsəlman olduğu, eyni zamanda dini dözümlülükdə bir sıra Avropa ölkələrindən öndə gedən Azərbaycanın tolerantlıq modelidir".

Komitə sədri onu da qeyd edib ki, obyektiv hesabatların hazırlanması sadəcə Azərbaycanın lehinə deyil. Həqiqəti qəbul etməklə Avropa qurumları dünyada öz nüfuzlarını da qaldırmış olurlar. Bu cəhətdən, belə obyektiv hesabatlar Avropanın da işinə yarayır.

Təqdimatın sonunda Azərbaycan nümayəndələrinə mövzu ilə bağlı suallar verilib. Suallardan biri Azərbaycanda milli azlıqların, xüsusilə də ermənilərin vəziyyəti ilə bağlı olub. Məlum olub ki, sualın müəllifi Ermənistanın "Ararat" qəzetini təmsil edən Ermənistan əsilli yezidi kürdüdür.

Ermənistanlı jurnalistin sualını cavablandıran Elşad İskəndərov Azərbaycanın bu məsələdə Ermənistandan müsbət mənada çox fərqləndiyini qeyd edib: "Etnik təmizləmə nəticəsində monoetnik dövlətə çevrilmiş Ermənistandan fərqli olaraq Azərbaycanda hətta ermənilər belə rahat yaşaya bilirlər. Azərbaycanda bütün milli azlıqların nümayəndələrinin milli-mədəni hüquqları qorunur və heç bir millətə və ya etnik qrupa qarşı ayrı-seçkilik mövcud deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti