Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/
Rüstəm İbrahimbəyov heç bir prosesə qatılmasa da, Milli Şurada öz iştirakını saxlamaq üçün həmsədrlik institutunun yaradılmasını istəyir. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli Milli Şurada vahid sədrlik və ya həmsədrlik institutunun yaradılması ilə bağlı fikirayrılığına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmsədrlik ideyasını Rüstəm İbrahimbəyov təklif edib və bununla da o Milli Şuranın rəhbərliyində qalmağa çalışır: "Heç bir şey etməsə də, heç bir prosesdə iştirak etməsə də, həmsədrlik institutu vasitəsi ilə özünün Milli Şurada iştirakını qoruyub saxlamaq istəyir".
Q.Hüseynli bildirib ki, amma bu, çox mürəkkəb məsələdir, çünki Milli Şuranın əsas qüvvəsini AXCP və Müsavat Partiyası təşkil edir: "Onların da razılığı olmadan Milli Şuranın tərkibində hər hansı bir dəyişiklik aparmaq çox çətin olacaq. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, hələ proseslər xeyli vaxt aparacaq və Milli Şuranın strukturunu müəyyənləşdirmək məsələsində razılığa gəlmək xeyli çətin olacaq".
Q.Hüseynli hesab edir ki, Milli Şura üçün vahid sədrlik institutu daha səmərli ola bilər: "Həmsədrlik institutu fikirayrılığına apara bilər".
Politoloq hesab edir ki, Milli Şuradakı bütün problemlərin kökündə dayanan əsas məsələ uğursuzluqlar, idarəetmədə kollegiyallığın pozulması, qərarların qəbul edilməsində yekdil fikrə gəlməyin çətinliyidir: "Bir sözlə, Milli Şuranın bünövrəsi qoyulandan müəyyən səhvlər olub və o səhvləri aradan qaldırmadan problemləri həll etmək mümkün olmayacaq".