...

Bakıda İsrail səfirliyi qarşısında həbs olunmuş İran vətəndaşı öz ölkəsinə qayıdıb

Siyasət Materials 1 Dekabr 2013 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir T.Cəfərov/

Bakıda həbs olunandan sonra azadlığa buraxılmış İran vətəndaşı Həsən Fərəci artıq öz ölkəsindədir. Bu barədə bazar günü Trend-ə İranın Azərbaycandakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi Möhsün Molayi bildirib.

O, qeyd edib ki, H.Fərəcinin sənədlərində yaranmış problem artıq öz həllini tapıb və o, hazırda İrandadır:

"Həsən Fərəci Bakını tərk etməmişdən əvvəl İranın Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb və onun azad edilməsi üçün göstərilən dəstəyə görə səfirliyə təşəkkürünü bildirib və səfirə deyib ki, ona qarşı sürülən ittiham, hətta İsrail səfirliyi qarşısında həbs edilməyi ilə bağlı yayılan xəbərlər yalandır. O bildirib ki, Bakıya səfər etməkdə məqsədi ticarətlə bağlı olub və istintaq zamanı da günahsızlığı sübut olunub və azadlığa buraxılıb".

M.Molayinin sözlərinə görə, H.Fərəci bu gecə saat 00:30-da Bakı-Tehran aviareysi ilə Azərbaycanı tərk edib.

Qeyd edək ki, Bakıda həbs olunmuş İran vətəndaşı Həsən Fərəci cümə günü səhər saatlarında azadlığa buraxılıb və İrana göndərilib, lakin İrana keçmək istəyərkən Biləsuvar və Astara sərhədlərində problemlə üzləşib.

M.Molayi Trend-ə bildirib ki, Biləsuvar sərhəd-gömrük idarəsində ölkədən çıxmaq üçün Dövlət Miqrasiya Xidmətindən sənədinin olmamasını səbəb gətirərək onu həmin sənədi almaq üçün Lənkəran şəhərinə göndəriblər. Daha sonra Dövlət Miqrasiya Xidmətindən sənədi aldıqdan sonra İrana keçmək istəyərkən Astara sərhədində ona bildiriblər ki, Bakıya qayıtmalı, müvafiq sənədi oradan almalı və özünü polis idarəsinə təqdim etməlidir. Sonra H.Fərəci Bakıya qayıdıb. Şənbə günü H.Fərəcinin probleminin həlli istiqamətində Azərbaycan tərəfi ilə danışıqlar aparılıb və problem öz həllini tapıb.

Xatırladaq ki, H.Fərəci oktyabrın 31-də İsrailin Azərbaycandakı səfirliyinin qarşısından keçərkən şübhəli şəxs qismində saxlanılmışdı. Daha sonra H.Fərəci polis bölməsinə, oradan isə məhkəməyə aparılmışdı. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti