...

Mübariz Əhmədoğlu: Serj Sərkisyanın Vorotan SES-i ABŞ-a satmaqda məqsədi Qərb qarşısında antirusiya cəsarəti nümayiş etdirməkdir

Siyasət Materials 3 Dekabr 2013 12:52 (UTC +04:00)
"Ermənistan Vorotan SES-i ABŞ-a satdı. Ermənistan Prezidenti Serj Sarkisyanın bu konfliktogen addımı Ermənistan dövlətçiliyini ləğv etməklə yanaşı region üçün ciddi problemlər yarada bilər".
Mübariz Əhmədoğlu: Serj Sərkisyanın Vorotan SES-i ABŞ-a satmaqda məqsədi  Qərb qarşısında antirusiya cəsarəti nümayiş etdirməkdir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.Mehdiyev/

"Ermənistan Vorotan SES-i ABŞ-a satdı. Ermənistan Prezidenti Serj Sarkisyanın bu konfliktogen addımı Ermənistan dövlətçiliyini ləğv etməklə yanaşı region üçün ciddi problemlər yarada bilər". Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib

Politoloq bildirib: "O, Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri ərəfəsində sanki ona mesaj verir. Bu addımların ikinci mənası Qərb qarşısında antirusiya cəsarəti nümayiş etdirməkdir. Vorotan Kaskad İran-Ermənistan sərhədində yerləşir. ABŞ-ın bu SES-ə marağı 2 il bundan qabaq yaranıb. ABŞ İranın ərazisini izləməklə bağlı qurğularının böyük bir qismini bu ərazidə yerləşdirmək istəyirdi. Vorotan Kaskad yaxşı maska rolunu oynaya bilərdi. İndi ABŞ-İran münasibətləri normallaşmağa doğru gedir və Ermənistan bu iki ölkənin münasibətlərinin normallaşmasından məmnundur".

Politoloqun sözlərinə görə, Vorotan SES vaxtilə "RusHidro"nun investisiya zonasında olub. Vorotan SES-in yerləşdiyi ərazi Rusiyanın Ermənistandakı sərhədçilərinin iki mühüm bazasından birinin yaxınlığındadır.

Politoloq hesab edir ki, beləliklə, Serj Sarkisyan Ermənistan-İran sərhədində yerləşən böyük qurğunu ABŞ-a satmaqla nəhəng konfliktogenlik ocağı yaratmış olur: "İranla ABŞ-ın dost olması daha böyük konfliktogenlik yarada bilər. Bu zaman İran Rusiyanı Qafqazdan sıxışdırıb çıxaracaq. Onun addımı ABŞ tərəfdən dəstəklənəcək. Rusiyanın buna dözməsi qeyri-mümkündür. İranın ABŞ-la münasibətlərinin yaxşılaşmasına Ermənistanın müsbət reaksiyası Türkiyə və Rusiyanın regionda baş verən proseslərə münasibətini hədsiz həssaslaşdıracaq. Ermənistan episentrdə olduğu üçün bu iki dövlətin həssaslığı Ermənistan üzərində cəmləşəcək".

M.Əhmədoğlu bildirib ki, Rusiyanın Yerevan yaxınlığındakı Erebuni aerodromunu alması müxtəlif narazılıqlar yaradıb: "Erebuni aerodromunu ABŞ almaq istəyirdi. Məqsədi Ermənistana gələn ABŞ vətəndaşlarını Rusiya sərhədçilərinin yoxlamasından "xilas etmək" idi. "Zvartnos" aeroportunda sərhəd yoxlama məsələsi ilə rus sərhədçiləri məşğuldurlar. İndi Rusiya ABŞ-ı bu imkandan məhrum etdi. Ehtimal ki, Vorotan kaskadın ABŞ-a satılmasında Erebuni aerodromunun ABŞ-a deyil, ruslara verilməsi də öz rolunu oynayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti