...

Mübariz Qurbanlı: 20 Yanvar Azərbaycanın müstəqillik addımlarının və imkanlarının daha aydın şəkildə ifadə edildiyi gün oldu

Siyasət Materials 20 Yanvar 2014 10:02 (UTC +04:00)
20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı:  20 Yanvar Azərbaycanın müstəqillik addımlarının və imkanlarının daha aydın şəkildə ifadə edildiyi gün oldu

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir E.Mehdiyev/

20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan xalqı 1990-cı il 20 yanvar tarixində hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi: "20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, o zaman Azərbaycana rəhbərlik edənlərin isə zəifliyini göstərdi. Bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi. 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi".

O, qeyd edib ki, Azərbaycanda baş verən bu hərəkat həqiqətən Sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb: "20 Yanvar hadisəsi Sovet rejiminin iç üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Baltikyanı bölgədə, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər amansız tədbirlərə əl atmadı. Sovet rejimi ən müasir hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi. Xalqımız ötən əsrin əvvəllərində verdiyi şəhidlərin ruhu ilə silahlanaraq Sovet imperiyasına qarşı mübarizə aparırdı. Amma Sovet dövlətinin dağılması daha mürəkkəb proses idi və bu, əslində, 1980-ci illərin ortalarından başlamışdı. Artıq Sovet dövlətindən ayrılmalar labüd idi və Kommunist Partiyasının Siyasi Bürosunda baş verən hadisələr də onu göstərirdi ki, Moskvanın özü də müəyyən səviyyədə Sovet hakimiyyətindən imtina etməyə hazırlaşır".

Millət vəkili əlavə edib ki, bu, yalnız Moskvanın daxili siyasətində yox, xarici siyasətində də özünü göstərirdi: "Çünki dünyada elə proseslər gedirdi ki, Moskva Sovet dövlətinin dağılacağını başa düşürdü. Buna görə də prosesi mümkün qədər uzatmaq istəyirdilər. 20 Yanvar Azərbaycanın müstəqillik addımlarının və imkanlarının daha aydın şəkildə ifadə edildiyi gün oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti