...

Zarar Əhməd Osmani: Azərbaycan və Əfqanıstanın siyasi əlaqələri dostluq və qardaşlıq mühitindədir

Siyasət Materials 19 Mart 2014 14:47 (UTC +04:00)
Nazir bildirib ki, iki ölkənin əlaqələri çox yaxşı səviyyədədir və bir çox sahələrdə bir-birinə uyğun inkişaf edir.
Zarar Əhməd Osmani: Azərbaycan və Əfqanıstanın siyasi əlaqələri dostluq və qardaşlıq mühitindədir

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir T.Cəfərov/

Azərbaycan və Əfqanıstanın siyasi əlaqələri dostluq və qardaşlıq mühitindədir. Bunu Trend-ə müsahibəsində Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani deyib.

Nazir bildirib ki, iki ölkənin əlaqələri çox yaxşı səviyyədədir və bir çox sahələrdə bir-birinə uyğun inkişaf edir: "İqtisadi sahədə əməkdaşlıqlarımızda yeni dönəm başlayıb və mənim Bakıya səfərimin məqsədlərindən biri budur ki, iki ölkənin iqtisadi əlaqələrini artıra biləcək məsələləri Azərbaycan rəsmirləri ilə müzakirə edim. Hazırda Azərbaycan sərmayəçilərindən bir neçəsi Əfqanıstanda fəaliyyət göstərir. Onlardan "Azinco" şirkətini göstərmək olar ki, bu şirkət neft emalı sahəsində Əfqanıstanda 25 milyon dollar investisiya yatırıb və bu sərmayənin həcmini 55 milyon dollara qədər artırmaq istəyir".

Onun sözlərinə görə, Əfqanıstanda sərmayə yatırmaq üçün çox gözəl şərait yaradılıb: "Əfqanıstanda investorlar üçün qanunlar çox liberal qanunlardır. Belə ki, əfqan iş adamı ilə xarici iş adamı arasında heç bir fərq yoxdur. Bu baxımdan Əfqanıstan sərmayə yatırmaq üçün ən əlverişli ölkələrdən biridir. Əfqanıstanda investisiya yatırmaq istəyən şəxslər üçün çox yaxşı imkanlar yaranıb, eləcə də investisiya yatırmaq üçün geniş potensial mövcuddur".

Nazir hesab edir ki, Əfqanıstan region ölkələri arasında ən çox mədən ehtiyatlarına sahib olan ölkələrdəndir. Əfqanıstanda təbii mədən ehtiyatlarını həcmi 3 trilyon dollar həcmində təxmin olunur. Əfqanıstanda qızıl, mis, alüminium, mərmər, müxtəlif daş-mədən, neft-qaz ehtiyyatları var və bunlar hamısı göstərir ki, Azərbaycan iş adamları üçün Əfqanıstanda sərmayə yatırmaq üçün geniş potensial mövcuddur və böyük imkanlar var".

Zarar Əhməd Osmani bildirib ki, azərbaycanlı investorlar Əfqanıstanda özlərinin bacardıqları və maraqlandığı sahədə investisiya yatıra bilərlər: "Azərbaycan investorları Əfqanıstanda tekstil, neft-qaz, mədənlər və digər sahələrdə sərmayə yatıra bilər. Əfqanıstan həmçinin kənd təsərrüfatı və bağ təsərrüfatı sahəsində geniş potensiala malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti