...

Prezident İlham Əliyev: Novruz bayramı bizim milli dəyərimizdir, sərvətimizdir (FOTO)

Siyasət Materials 19 Mart 2014 23:15 (UTC +04:00)
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak etmişlər.
Prezident İlham Əliyev: Novruz bayramı bizim milli dəyərimizdir, sərvətimizdir (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak etmişlər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi: "Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına yeni uğurlar, xoşbəxtlik arzulayıram".

İlham Əliyev vurğulayıb ki, Novruz bayramı Azərbaycan xalqının ən sevimli bayramlarından biridir: "Novruz bayramı bizim milli dəyərimizdir, sərvətimizdir. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edirdi. Bu gün müstəqil Azərbaycanda Novruz bayramı dövlət bayramıdır. Biz öz milli dəyərlərimizə həmişə sadiq olmuşuq, həmişə onları qorumuşuq. Bu gün müstəqillik şəraitində milli dəyərlər, Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Azərbaycan xalqı həmişə ənənələrə, milli dəyərlərə sadiq olmuşdur".

Prezident bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur: "Biz müstəqillik şəraitində yaşayarıq. Müstəqilliyimizin banisi Heydər Əliyev bütün sahələrdə olduğu kimi, müstəqil Azərbaycanın ideoloji əsaslarını da qoymuşdur. 1993-cü ildə bütün istiqamətlər üzrə strateji xətt müəyyən edilmişdir. Azərbaycan bu gün bu istiqamətlər üzrə inkişaf edir. Bizim strategiyamız dəyişməz olaraq qalır. Milli ideologiyamız möhkəm əsaslar üzərində qurulubdur. Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, milli və dini dözümlülük. Bizim əsas ideoloji dayaqlarımız bunlardır. Müstəqil Azərbaycanın uğurlu inkişafı onu göstərir ki, taleyimiz öz əlimizdə olduğu halda xalqımız böyük zirvələrə çata bilər və çatmışdır".

Dövlət başçısı qeyd edib ki, bu gün müstəqil Azərbaycan istənilən sahə üzrə uğurla, inamla inkişaf edir: "Biz müstəqilliyimizi qoruyuruq, qoruyacağıq və ildən-ilə müstəqilliyimiz möhkəmlənir. Xarici siyasətlə bağlı addımlarımız beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə beynəlxalq hüquq və ədalət ziddiyyət təşkil edir. Buna baxmayaraq, Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini ifadə edir, bu mövqeyə sadiqdir".

İlham Əliyev bildirib ki, bundan sonra da Azərbaycan bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilməsində öz sözünü deyəcəkdir: "Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. Biz milli maraqlarımızı şərəflə, uğurla qoruyuruq. Deyə bilərəm ki, bu gün bölgədə gedən proseslərdə Azərbaycan dövlətinin təsiri artır. Bir çox hallarda beynəlxalq layihələrin təşəbbüskarı da məhz Azərbaycan dövlətidir. Xarici siyasətimizin uğurlu olmasını BMT-də iki il bundan əvvəl aparılmış seçkilər də təsdiqləyir. Azərbaycan dünya ictimaiyyətinin mütləq əksəriyyətinin, 155 ölkənin dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. İki il ərzində bu təşkilatda ləyaqətlə iştirak edirdi. Dediyim kimi, beynəlxalq hüququ, ədaləti müdafiə edirdi".

Dövlət başçısı qeyd edib ki, beynəlxalq münasibətlərin həllində güc amili ön plana çıxır: "Biz daha da güclü olmalıyıq, daha da güclü olacağıq. Əlbəttə ki, əsas məsələ burada iqtisadi potensialdır. Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artmışdır. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin həllində də bizə kömək göstərir".

İlham Əliyev deyib ki, bu gün sosial cəhətdən az təmin edilmiş vətəndaşlara da Azərbaycan dövləti öz yardımını əsirgəmir: "İqtisadi potensialımızın artırılması üçün daha da gözəl imkanlar vardır. Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki ayında təxminən 9 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcəkdir. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaqdır. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcəkdir. Artıq biz bunu görürük və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir.

Biz iqtisadi sahədə apardığımız islahatlarla dünyanın aparıcı iqtisadi qurumlarının da yüksək qiymətlərinə layiq ola bilmişik. Bu gün dünyanın aparıcı iqtisadi qurumu olan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Bu, islahatlar nəticəsində əldə edilmiş uğurlardır. Ancaq istənilən islahat ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasında özünü büruzə verməlidir və bu, özünü göstərir. Bu gün yoxsulluq şəraitində yaşayan soydaşlarımızın sayı getdikcə azalır, işsizlik aradan götürülür. Ölkə iqtisadiyyatı inkişaf edir və inkişaf edəcəkdir".

Prezident qeyd edib ki, əlbəttə, Azərbaycan dünyada çox önəmli enerji təchizatçısı kimi öz rolunu oynayır: "Biz keçən ilin sonunda Avropanın ən böyük infrastruktur layihəsinə Bakı şəhərində start verdik. Azərbaycan bu sahədə də liderlik göstərə bilmişdir, nəhəng, qlobal layihənin təşəbbüskarıdır, aparıcı qüvvəsidir. Uzun illərdir ki, "Cənub" qaz dəhlizinin yaradılması ilə bağlı danışıqlar gedirdi. Mən təqribən son 7-8 il ərzində ondan çox beynəlxalq tədbirdə iştirak etmişəm. Ancaq bu tədbirlərin nəticəsi olmamışdır. Bəyanatdan başqa heç bir praktiki addımlar atılmamışdır. Azərbaycan dövləti bu sahədə də liderliyi, bütün məsuliyyəti, siyasi, iqtisadi, maliyyə məsuliyyətini üzərinə götürərək bu layihəyə də start verdi. Bu layihə bizim uğurlu gələcəyimizi təmin edəcək, Azərbaycanda sosial problemlərin həllinə kömək göstərəcəkdir. Bu layihə Azərbaycanı dünya miqyasında önəmli güc mərkəzi kimi təqdim edəcək və bizim uzunmüddətli, dayanıqlı inkişafımızı şərtləndirəcəkdir".

Dövlət başçısı bildirib ki, Azərbaycan bütün bu məsələlərdə prinsipial mövqe sərgiləyir: "Əgər bizim prinsipial mövqeyimiz olmasaydı, əgər kimdənsə asılılığımız olsaydı və kimdənsə çəkinsəydik biz heç vaxt bu böyük layihələrə imza atmazdıq. Bizim siyasətimizin təməlində müstəqillik dayanır, ədalət dayanır, cəsarət dayanır. Biz bütün addımlarımızı Azərbaycan xalqının maraqlına xidmət etmək üçün atırıq. Azərbaycanın maraqları hər şeydən üstündür, hər bir vətəndaş üçün də hər şeydən üstün olmalıdır. Bir sözlə, ölkəmizin gələcək inkişafı ilə bağlı bizim çox nikbin fikirlərimiz vardır. Əslində bu gələcəyi biz yaradırıq. Son illər ərzində aparılan siyasi, iqtisadi islahatlar, enerji siyasətimiz bu reallığı mümkün etmişdir. Gələcək inkişafımızla bağlı bu ilin əvvəlində də önəmli addımlar atılmışdır. Keçən ay regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir. Qalan sosial və iqtisadi məsələlər də 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində öz həllini tapmalıdır.

Beləliklə, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı da icra edilir. 2016-cı ilə qədər bu proqram tam şəkildə icra edilməlidir və beləliklə Bakıda bir dənə də olsun sosial infrastruktur problemi, iqtisadi problem qalmamalıdır. Qarşıya məhz belə vəzifə qoyulmuşdur. Bu proqramların icrası nəticəsində ölkəmiz daha da sürətlə inkişaf edəcəkdir. Proqramların icrası təmin ediləcəkdir. Bu günə qədər verdiyimiz bütün vədlərə sadiq olmuşuq, bütün proqramları icra etmişik və bundan sonra da bu yolla gedəcəyik. Bakımız da gözəlləşir, abadlaşır".

İlham Əliyev vurğulayıb ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir: "Bunu Bakı sakinləri, digər bölgələrdən gələn qonaqlar görürlər, xarici qonaqlar bunu qeyd edirlər. Bakının gələcək inkişafı ilə bağlı bizim böyük planlarımız vardır. Bakıda ictimai yerlərin yaradılması, yeni infrastruktur layihələrinin icra edilməsi, şəhər nəqliyyatı ilə bağlı böyük planlarımız vardır. Artıq onların bir hissəsi icra edilir. Bakının ən cəlbedici yerlərindən biri olan milli parkımız, bulvarımız gözəlləşir, abadlaşır, bulvarın ənənəvi hissəsi ən yüksək səviyyədə təmir edilmişdir. İndi yüz minlərlə insan xüsusilə yaz-yay aylarında bu imkanlardan istifadə edir. Bayraq Meydanına qədər uzanan yeni bulvar istifadəyə verilmişdir. Bayraq Meydanından Bibiheybət istiqamətinə gedən bulvar tikilir, ümid edirəm ki, ilin sonuna qədər o hissə də ictimaiyyət üçün açıq olacaqdır. Orada yeni şəhərciklər - "Bakı Art City" adlanan incəsənət şəhərciyi, idman şəhərciyi yaradılır. Yəni, o hissə bir ildən sonra şəhərimizin ən gözəl yerlərindən birinə çevriləcəkdir. Bulvarın əks istiqamətində işlər aparılır, "Ağ şəhər bulvarı" tikilir. Bu ilin sonuna qədər o istiqamətdə də əlavə 2 kilometr bulvar, avtomobil yolu, ictimai yerlər, parklar salınacaqdır. Beləliklə, bulvarın uzunluğu "Ağ şəhər"dən Bibiheybətə qədər uzanacaqdır. Bu da təqribən 16 kilometr məsafədir. Bu məqsədlə artıq göstəriş verilmişdir ki, bulvarda ekoloji cəhətdən təmiz kiçik xüsusi avtobuslar da fəaliyyətə başlasın. Çünki bu 16 kilometri piyada qət etmək o qədər də asan olmayacaqdır.

Xalça Muzeyi tikilir, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni, möhtəşəm binası tikilir, bu yaxınlarda istifadəyə veriləcəkdir. Bir sözlə, Bakının inkişafı, abadlaşması, tarixi abidələrimizin bərpası ilə bağlı çox ciddi işlər aparılır. Bakının simvolu olan Qız qalasının təmiri bu yaxınlarda başa çatmışdır. Bir neçə gün bundan əvvəl digər tarixi yerimiz - Şirvanşahlar Sarayında aparılan təmir işlərindən sonra artıq açılış olmuşdur. Bir sözlə, Bakı bizim paytaxtımızdır, gözəl, sevimli şəhərimizdir. Şəhərimizin gələcək inkişafı, infrastruktur, abadlıq işlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilmişdir və biz birinci Avropa Oyunlarına hazırlaşırıq, böyük hazırlıq gedir. Bu oyunlar Azərbaycanı bir daha dünyaya müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edəcək, Azərbaycanın potensialını nümayiş etdirəcək, xalqımızın istedadını göstərəcəkdir. Biz bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Əminəm ki, biz buna nail olacağıq.

Əziz dostlar, bu gözəl gündə, gözəl bayram ərəfəsində bir daha bütün Azərbaycan xalqına öz hörmətimi, məhəbbətimi ifadə edirəm. Dünyada yaşayan bütün azərbaycanlıları bu gözəl bayram münasibətilə təbrik edirəm, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun!"

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Daha sonra Prezident İlham Əliyev və Mehriban Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinlədilər.

Milli Parkda təşkil edilən "Şərq bazarı" bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

Dövlətimizin başçısı və xanımı zorxana güləşçiləri ilə xatirə şəkli çəkdirdilər.

Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxdılar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.

Dövlətimizin başçısı və xanımı burada nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış oldular.

Prezident İlham Əliyev və Mehriban Əliyeva, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa etdilər.

Dövlətimizin başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.

Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya hədiyyələr təqdim edildi.

Prezident və xanımı bayram şənliyində nümayiş etdirilən "Bakı-2015" Birinci Avropa Oyunları ilə bağlı təqdimata baxdılar, idmanın müxtəlif növləri üzrə idmançıların çıxışlarını izlədilər.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti