...

İbrahim Rəhimpur: İran və Azərbaycan digər ölkələrlə birgə regionda sabitlik yarada bilərlər (MÜSAHİBƏ)

Siyasət Materials 9 Aprel 2014 08:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend müxbir T.Cəfərov/

İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun Trend-ə müsahibəsi

- Hazırda İran və Azərbaycan arasında münasibətləri necə dəyərləndirirsiniz? İki ölkə arasında yaxın gələcəkdə əməkdaşlıq üçün proritet məsələlər hansılardır və daha çox hansı sahədədir?

- Azərbaycan Respublikasının öz müstəqilliyini əldə etməsindən artıq 22 il keçir və bu müddət ərzində İran və Azərbaycan arasında münasibətlər ötən illərlə müqayisədə daha yaxşı və qənaətbəxşdir. Ötən illər ərzində iki ölkə arasında münasibətlər enişli-yoxuşlu olub, lakin münasibətlərin 22-ci ilini Azərbaycanın müstəqilliyinin ilk günlərindən sonrakı illərlə müqayisə etdikdə görürük ki, əlaqələr bütün sahələrdə həmişə inkişaf tempi ilə davam etdirilib. Əlaqələrin bu cür inkişaf etməsinin bir amili də Azərbaycanın öz mövqeyini möhkəmləndirməsidir. Azərbaycanın öz mövqeyini möhkəmləndirməsi bu ölkənin digər ölkələrlə, o cümlədən İranla əlaqələrini inkişaf etdirməsinə əlverişli şərait yaratdı. Bundan başqa, İran həmişə Azərbaycanın sevinci və kədərinə şərik olub. İran Azərbaycan üçün yaranmış problemlərdə həmişə bu ölkənin yanında olub və məsləhətləşmələr aparıb.

Hazırkı şəraitdə iki ölkə arasında balanslaşdırılmış əlaqələr mövcuddur. İki ölkə arasında iqtisadi əlaqələr qənaətbəxşdir, lakin daha yüksək səviyyədə ola bilər. İki ölkənin mədəniyyətinin oxşarlıqları və özünəməxsus xüsusiyyətləri var. Mədəniyyət sahəsində əlaqələr hər iki ölkənin aidiyyəti qurumlarının nəzarəti ilə daha da genişləndirilməlidir. Hazırda bu istiqamətdə işlər görülür və ümid edirik ki, iki ölkə bu sahədə və dini sahədə əməkdaşlığı genişləndirmək üçün bir-birinin potensialından geniş istifadə edəcək.

Siyasi baxımdan da iki ölkə arasında münasibətlər yaxşıdır və İran və Azərbaycan ikitərəfli məsələlərdə, regional və beynəlxalq proseslərdə bir-birinə yardım edirlər. Düşünürəm ki, regionun təhlükəsizliyinin təminində də İran və Azərbaycan digər region ölkələrinin iştirakı ilə birgə əməkdaşlıq edə və regionda sabitlik yarada bilərlər. Bu gün regionun digər bölgələrində iki ölkənin iradəsindən kənar hadisələr baş verir, bu səbəbdən də İran və Azərbaycanın daima məsləhətləşmələr aparmasına ehtiyac var.

- Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub və bu ölkə uzun illərdir Azərbaycanın işğal olunmuş torpaqlarında tarixi və dini abidələri məhv edir. İranın işğal olunmuş ərazilərlə bağlı mövqeyi necədir və bu ərazidə olan tarixi və dini abidələrin məhv edilməsinin qarşısını almaq üçün nə kimi işlər görür?

- İran bu iki ölkə arasında münaqişənin yarandığı ilk günlərdən problemin həllinə çalışıb. Hələ o dövrdə biz bu problemin həlli və həmin ərazilərdə olan tarixi və dini abidələrin dağıdılmasının qarşısını almağa çalışdıq və səy göstərdik. Özümüzü bu məsələ qarşısında məsul bilirdik və məsələnin həllinin Minsk qrupuna tapşırılmasına qədər bu sahədə çox çalışdıq. İran münaqişənin həllinin ATƏT-in Minsk qrupuna tapşırılmasına qədər bu məsələdə vasitəçilik edib və düşünürük ki, həmin dövrdə məsələnin həlli istiqamətində irəliləyişlər də olmuşdu. Lakin təəssüf ki, bölgədə və iki ölkə arasında baş verən bir sıra proseslər İranın münaqişənin həlli prosesindən uzaqlaşdırılmasına səbəb oldu. Hazırda Qarabağ probleminin həlli üçün aparılan danışıqların ləng getməsindən məmnun deyilik. Ümid edirik ki, iki ölkə arasında razılıq əldə olunacaq və gələcəkdə ehtimal olunan münaqişələrin qarşısı alınacaq. Həmçinin həmin ərazilərdə tarixi və dini abidələrin dağıdılmasının qarşısının alınmasına şərait yaranacaq və xalqlar bölgədə sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.

- Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur. Sammitdə Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı sənədin imzalanması gözlənilirmi? Ölkələr arasında fikir ayrılıqları daha çox hansı məsələlərdədir? Sərhədin müəyyən edilməsi qaydasında ölkələr arasında fikir ayrılığı əsasən nədədir?

- Yaxın vaxtlarda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin və dövlət başçılarının sammitinin Moskva və Həştərxanda keçirilməsi nəzərdə tutulur. İran bu görüşlərdə Xəzər dənizində digər dörd qonşu ölkəsi ilə əməkdaşlıq etməyə hazırdır. Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsi ikitərəfli və ya üçtərəfli həll olunacaq məsələ deyil, bu məsələ hər beş ölkənin iştirakı ilə müzakirə olunmalıdır. İran bütün görüşlərdə fəal iştirak edir. Ölkələr Xəzərin hüquqi statusu ilə bağlı sənədin bəzi hissələrini razılaşdırıb və artıq hazırdır, bəzi hissələri isə hələlik razılaşdırılmayıb.

Dövlət başçılarının Həştərxanda keçiriləcək dördüncü Zirvə toplantısına qədər Xəzəryanı ölkələr hüquqi statusun müəyyən edilməsi ilə bağlı sənədi tam hazır edəcəklər, ya yox, bunu dəqiq deyə bilmərəm. Bu, ölkələr arasında aparılan müzakirələrdən asılıdır. Ümid edirik ki, bu sammitə kimi hüquqi statusla bağlı sənədin bir çox hissəsi razılaşdırılacaq və imzalanmaq üçün hazır olacaq. Ölkələrin bu məsələ ilə bağlı baxışları fərqlidir və bu təbiidir. Ölkələrin mövqeyi və mənafeyi bu məsələdə bir-birindən fərqlidir və elə buna görə də 18 ilə yaxındır ki, müzakirələr aparılır. Yaxın bir neçə ay ərzində bu məsələnin həll olunması bizim də istəyimizdir və ümid edirik ki, bütün ölkələr bu istəyin həyata keçməsinə çalışacaq. Bir neçə məsələdə Xəzəryanı ölkələr arasında ciddi fikir ayrılıqları var və bu fikir ayrılığı əsasən sərhədlərin müəyyən edilməsi məsələsindədir. Hələlik bu məsələ ilə bağlı beştərəfli razılıq əldə olunmayıb. Ona görə də hazırda ekspertlər səviyyəsində bu sahədə ədalətli və müştərək mənafeni təmin edə biləcək nəticə əldə etmək üçün danışıqlar aparılır.

- İran və Rusiya arasında neft ilə müxəlif məhsulların barteri haqqında müzakirələr aparılırdı. Bu müzakirələr hazırda nə yerdədir? Əsasən hansı məhsulları Rusiyadan idxal etmək niyyətindəsiniz? İran neftini Rusiyaya hansı yolla ixrac edəcəksiniz?

- Rusiya əhəmiyyətli və güclü bir dövlət olaraq, həmçinin regionda bizim aparıcı tərəfdaşımız olaraq İranın xarici siyasətində özünəməxsus yer tutur. Bu səbəbdən də iki ölkə arasında ticarət dövriyyəsi həyata keçirilir və gələcəkdə ticarət əlaqələri daha da genişləndiriləcək. Müzakirələrin təfərrüatları, alınacaq məhsullar, neft və qaz sahəsində əməkdaşlığımız çoxşaxəli bir məsələdir və ekspertlər bu məsələ üzərində iş aparırlar, iki ölkə bu sahədə müzakirələr aparır. İranın hazırda Türkiyə ilə ticarət dövriyyəsi 20 milyard, Rusiya ilə 2-3 milyard dollar həcmindədir. İran və Rusiya arasında ticarət əlaqələrinin inkişafı üçün geniş potensial var. Bu potensial İran və Çin, İran və Türkiyə arasında var idi və biz bu potensialdan istifadə etdik. Təbiidir ki, Rusiya ilə də mövcud potensialdan istifadə edərək əlaqələrimizi inkişaf etdirəcəyik. Bəzi Qərb ölkələrinin İran və Rusiya münasibətlərinə həssas yanaşması bizim üçün anlaşılan deyil.

- İran özünün bank və neft sektoruna tətbiq olunmuş sanksiyaların ləğvinədək bəzi xarici ölkələrə satdığı neftin pullarını geri qaytarmaq üçün problemlərlə üzləşirdi. Bu pulların qarşılığında həmin ölkələr İrandakı layihələrə investisiya yatırırdı və ya İran pulların əvəzinə məhsullar idxal edirdi. Hazırda İran öz mal və pul varlıqlarını ölkəyə gətirmək üçün hansısa başqa bir yol düşünübmü?

- İran və "5+1" ökələri arasında Cenevrədə və daha sonra Vyanada əldə olunmuş razılıq əsasında İran öz mal və pul varlığını rəsmi şəkildə ölkəyə transfer edib və edir. Hazırda alış-veriş əməliyyatlarının əhəmiyyətli hissəsini etibarlı bank sistemi ilə həyata keçiririk. Əlbəttə, bu bizim apardığımız əməliyyatların hamısı deyil, yalnız bir hissəsidir. Qalan əməliyyatları bundan əvvəl sanksiyalar tətbiq olunan dövrdə necə həyata keçirirdiksə, elə də davam etdiririk. İran öz dost və qonşu ölkələri ilə əlaqələrini bundan əvvəl necə idisə elə də davam etdirir. Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və başqa ölkələrlə əvvəlki kimi işləyirik. Onlarla ticarət əlaqələrimizdə istifadə etdiyimiz qayda beynəlxalq qaydalara uyğun həyata keçirilir və uzun müddətdir ki, davam etdirilir. Dəyişiklik yalnız İran və "5+1" ölkələri arasında əldə olunmuş razılıq əsasında 6 ay müddətində 20 milyard dollar həcmində pulun dünya bank sistemlərindən formal istifadəsindədir. Digər əməliyyatlarımız əvvəl necə idisə elə də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti