Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov sabiq millət vəkili Gülər Əhmədovanın şərti azadlığa buraxılmasına münasibət bildirib.
Trend-in məlumatına görə, Baş nazirin müavini qeyd edib ki, hadisəyə hüquqi qiymət verilib: "Hüquq öz işini görüb. İndi sırf insani münasibətlər ifadə olunur. Bir qadın kimi, himayəsində azyaşlı uşağının olması və digər yüngülləşdirici hallar nəzərə alınmaqla belə bir qərar qəbul olunub. Belə bir qərarın qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir. İnsanpərvərlik hisslərindən çxış edilərək, belə bir qərar qəbul olunub".
Ә.Әhmədov qeyd edib ki, istənilən bir insanın cəzaçəkmə müəssisəsinə göndərilməsində əsas məqsəd onun cəzalandırılması deyil, islah olunmasıdır.
Baş nazirin müavini əlavə edib ki, istənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var: "Bu, vəkillərə də şamil oluna bilər. Məhkəmə tərəfindən bu və ya digər hökmlərə tuş gəlmiş insanlar da belə hüquqlara sahibdirlər. Haqlı olduğunu sübut edə biləcəksə, müvafiq qərar qəbul edilə bilər. Bir daha demək istərdim ki, törədilən əmələ hüquqi qiymət verilib".
G.Әhmədovanın yenidən məmur ola biləcəyinə gəlincə isə Әli Әhmədov deyib ki, hadisələri qabaqlamaq lazım deyil: "Düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-a üzv olmaqdan ibarətdir. Bir insanın YAP-ın üzvlüyündən xaric olunması da, yenidən partiya sıralarına üzv kimi bərpa olunması da hüquqi məsələdən daha çox əxlaq məsələsidir. Biz YAP olaraq, məsələyə bu cür qiymət verəcəyik. Gülər Əhmədovanın yenidən YAP-a üzv olmasını indi nə o düşünür, nə də biz".
Qeyd edək ki, mayın 6-da Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı videodan sonra Gülər Əhmədova öz deputat mandatından imtina etmişdi. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilmiş və ötən ilin fevralında həbs edilmişdi. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilirdi.