...

Azərbaycan və Fransa arasında 7 sənəd imzalanıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 12 May 2014 12:13 (UTC +04:00)
Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan və Fransa arasında 7 sənəd imzalanıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əliyev/

Mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra iki ölkə arasında sənədlərin imzalanması mərasimi olub.

Trend-in məlumatına görə, "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Fransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq Sazişi"ni Fransa tərəfdən Milli Elmi Araşdırmalar Mərkəzinin Moskva Bürosunun direktoru Mişel Tararan, Azərbaycan tərəfdən Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıblar.

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq Sazişi"ni Fransa tərəfdən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, Azərbaycan tərəfdən kənd təsərrüfatı naziri Heydər Əsədov imzalayıblar.

"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında Anlaşma Memorandumu"nu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, "Azərbaycan Energetika Nazirliyi ilə Fransanın Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu isə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Azərbaycanın energetika naziri Natiq Əliyev imzalayıblar.

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikası Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında İnzibati Anlaşma"nı Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitet əməkdaşlığı sahəsində niyyət məktubunu Fransa tərəfdən ali təhsil və tədqiqat üzrə dövlət katibi Jönöviev Fioraso, Azərbaycan tərəfdən isə təhsil naziri Mikayıl Cabbarov imzalayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland prezidentlərin birgə bəyanatını imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti