...

Mübariz Əhmədoğlu: Avrasiya İqtisadi İttifaqı Rusiyanın imperiya ambisiyalarını cilovlayan mexanizmə çevrilir

Siyasət Materials 4 İyul 2014 12:21 (UTC +04:00)
Avrasiya İqtisadi Birliyi (Aİİ) Rusiyanın əlində SSRİ-ni bərpa edən alətə deyil, əksinə onun imperiya ambisiyalarını cilovlayan mexanizmə çevrilir.
Mübariz Əhmədoğlu: Avrasiya İqtisadi İttifaqı Rusiyanın imperiya ambisiyalarını cilovlayan mexanizmə çevrilir

Azərbaycan, Bakı, 4 iyul / Trend, müxbir İlkin İzzət /

Avrasiya İqtisadi Birliyi (Aİİ) Rusiyanın əlində SSRİ-ni bərpa edən alətə deyil, əksinə onun imperiya ambisiyalarını cilovlayan mexanizmə çevrilir. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Aİ Brüsseldə Ukrayna ilə assosiativ müqavilənin iqtisadi hissəsini, Gürcüstan və Moldova ilə isə assosiativ müqaviləni tam (siyasi və iqtisadi hissələri birlikdə) imzaladıqdan dərhal sonra hər üç keçmiş sovet respublikası Aİ üzvlüyü ambisiyalarını ortaya qoyub: "Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle yaxın gələcəkdə Ukraynanın Aİ üzvlüyünə namizədlik şansı barədə danışmağın tez olduğunu bildirdi. Hər üç keçmiş SSRİ respublikaları Rusiya ilə əlaqələri kəsməyəcəklərini bəyan etdilər. Petro Poroşenko Aİ-dən kənardakı bazarları, o cümlədən MDB bazarını da itirmək niyyətinin olmadığını bildirdi. Moldova isə həm də MDB-nin Azad Ticarət Zonası müqaviləsində fəaliyyət göstərəcəyini qeyd etdi. Rəsmi Kişinyov ümid edir ki, separatçı Dnestryani bölgə də Moldova ilə birlikdə Aİ ilə assosiativ müqavilənin iştirakçısı olacaq. Sənədi imzalayan Moldovanın baş naziri Lenke deyib ki, Aİ ilə assosiativ sazişin imzalanmasının Moldovanın neytrallıq statusunu itirməsi demək deyil. Gürcüstan adından müqaviləni imzalayan baş nazir Qaribaşvili isə deyib ki, assosiativ müqaviləni imzalamaq strategiyasında əsas yerlərdən biri Abxaziya və Cənubi Osetiyanı Avropa perspektivilə şirnikləşdirməklə Gürcüstanın tərkibinə qaytarmaqdır".

M.Əhmodğlunun sözlərinə görə, Rusiya hər üç keçmiş SSRİ dövlətini Aİ ilə assosiativ müqaviləni imzalamaq ərəfəsində hədələyib və iqtisadi əlaqələrin dəyişəcəyini bildirib. Lakin Rusiyanın Ukrayna ilə iqtisadi əlaqələrə tətbiq etmək istədiyi sanksiyalar Aİİ-nin digər iki təsisçisi - Belorusiya və Qazaxıstan tərəfindən dəstəklənməyib. Bu isə ambisiyalı Rusiya üçün zərbədir: "Belə başa düşmək olur ki, Aİİ Rusiyanın əlində SSRİ-ni bərpa etmək üçün alət deyil, əksinə Rusiyanın imperiya ambisiyalarını cilovlayan mexanizmdir. Yaxın vaxtlarda Vladimir Putinin Aİİ-ni zəiflətməsi istiqamətində addımlar atması çox mümkündür. MDB məkanında çoxsaylı subregional qurumlar olub. Rusiya özü yaratdığı bu subregional qurumların hamısının fəaliyyətini, hətta MDB-nin fəaliyyətini Aİİ-dən ötrü məqsədyönlü şəkildə zəiflətdi. MDB-dəki subregional qurumları zəiflətmək sahəsində Rusiyanın böyük təcrübəsi var. Belə davam edərsə, Aİİ də Avroasiya İqtisadi Əməkdaşlıq Şurasının (Evrazes) vəziyyətinə düşəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti