...

Mübariz Əhmədoğlu: Ermənistanın bəzi antigürcü hərəkətlərinə Gürcüstan cavab verdi

Siyasət Materials 5 Avqust 2014 14:07 (UTC +04:00)
Ermənistanın bəzi antigürcü hərəkətlərinə Gürcüstan cavab verdi. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Ermənistanın bəzi antigürcü hərəkətlərinə Gürcüstan cavab verdi

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Ermənistanın bəzi antigürcü hərəkətlərinə Gürcüstan cavab verdi. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, antigürcü proseslər iki qrupa bölünür: "Birincisi, Tbilisinin mərkəzində erməni yeparxiyası ətrafında geosiyasi baxımdan maraqlı hadisə baş verdi. Gürcüstan vətəndaşı olan iki erməninin bir-birilə davası böyük geosiyasi qalmaqala çevrilə bilərdi. Ermənilər və Ermənistan bu geosiyasi qalmaqala hazır kimi göründülər. Gürcülərin də bəzi qrupları ermənilərin mövqeyini dəstəklədi. Lakin rəsmi Tbilisinin sərt addımları və gürcü patriarxlığının vaxtında işə müdaxiləsi Ermənistanın antigürcü proyektinin reallaşmasının qarşısını aldı".

M.Əhmədoğlu deyib ki, məsələnin mahiyyəti belədir: Gürcüstandakı erməni kilsəsinin yepiskopu avtomobilini kilsənin həyətində elə yerdə saxlayır ki, bu həmin həyətdə yaşayan sakinlərin maşınının çıxmasına maneçilik törədir: "Buna ilk etiraz edən də həmin həyətin sakini, avtomobil sahibi erməni qadın olur. Mülki geyimdə olan erməni yepiskopu erməni qadınının iradlarını qəbul etmir, maşınının park yerini dəyişmir. Erməni qadın da öz maşını ilə həyətdən çıxmağa hazırlaşırmış. Cavan olmayan erməni qadınının erməni yepiskopu ilə danışığına oğlu qarışır. Erməni yepiskopu erməni qadınının oğlunu, o cümlədən ana söyüşü ilə söyür. Erməni qadınının oğlu yaxınlıqdakı dostu ilə yepiskopa hücum edirlər. Az keçmiş erməni qadınının oğlu böyük dəstə ilə yepiskopluğa hücum təşkil edir. Say barədə iki rəqəm var. Erməni dindarları hücum edənlərin 50, rəsmi mənbələr isə 13 nəfərin olduğunu deyirlər. Hücum edənlərin milli tərkibi də mübahisəlidir. Erməni dindarlarının fikrincə, hücum edənlər yalnız gürcülər olub. Rəsmi mənbələr isə hücum edənlər arasında həm gürcülər, həm də ermənilərin olduğunu bildiriblər. İnsidentdən az keçmiş Ermənistan mətbuatı dərhal hadisəyə reaksiya verdi. Mətbuatda yayıldıqdan dərhal sonra Ermənistanın Gürcüstandakı səfirliyi hadisə ilə bağlı Gürcüstanın xarici işlər nazirinə nota verdi. Rəsmi Yerevanın bəzi strukturları da hadisəyə operativ münasibət bildirdilər: Guya Gürcüstanda milli və dini ayrıseçkilik hökm sürür və erməni kilsəsi ətrafında baş verənlər də bunun təzahürüdür".

Politoloqun sözlərinə görə, ermənilərin planı 3 elementə söykənir: "Birincisi, Aİ ilə Gürcüstan arasında assosiativ müqavilənin imzalanması zamanı ermənilər müqavilənin mətninə özlərinə uyğun maddələr saldıra biliblər. Cavaxetiya regionunda separatçılığa dəstək verən maddələrlə yanaşı Ermənistanla iqtisadi münasibətlərdə Ermənistan üçün prioritet şərait yaradan, gürcü-abxaz dəmiryolunun açılmasına dair maddələr də vardır. O cümlədən, erməni kilsələrinin Gürcüstanda fəaliyyəti ilə də bağlı bəzi məsələlər dolayısı yolla ermənipərəst prizmadan müqaviləyə salınıb. Daha 2 məsələ ermənilərin əvvəlcədən hazırlığını sübut edir: Bunlardan biri məşhur separatçı V.Çaxalyanın aktivləşməsidir. Digəri isə, ermənilərin təsiri altında Gürcüstanın mədəniyyət xadimlərinin baş nazir İ.Qaribaşvilidən o qədər də tanınmayan, erməni rəssam qadını Q.Xaçaturyanın muzeyinin açılmasını tələb etmələri idi. Bu Gürcüstandakı ermənilərin daha arxalı hiss etdiklərinin bariz nümunəsidir. Cavaxetiya ermənilərinin assosiativ müqaviləyə verdiyi reaksiyadan dərhal sonra erməni kilsəsinin belə addıma getməsi həm antigürcü planının olduğunu, həm də ermənilərin bu planı reallaşdırmağa tələsdiyini təsdiq edir;

II. Ermənilərin gürcülər arasındakı antiazərbaycan, antitürkiyə təbliğatı maksimum həddədir. Ermənilər Gürcüstan ərazisindəki neft-qaz kəmərlərini terror etməklə hədələdikləri bir vaxtda bəzi gürcü ekspertləri də antiazərbaycan şərhlər verməklə məşğul idilər. Görünür, ermənilər özlərinin antitürkiyə və antiazərbaycan təbliğatlarına inanıblar. Rəsmi Tbilisinin Bakıya qarşı şantaj addımları, Qarabağ məsələsində ritorikadan uzağa getməmələri erməniləri daha çox inandırmışdır. Ona görə 2 təxribatı ardıcıllıqla reallaşdırdılar;

III. RF Gürcüstanın Aİ ilə assosiativ müqavilə imzalanmasına neqativ münasibət bildirmişdi, lakin müəyyən manevrləri də ortada idi. Çünki RF Gürcüstana NATO sammitinin Gürcüstana daha yaxşı münasibətinə qarşı daha sərt münasibət bildirməyə hazırlaşır. Ermənilər bunu bilir, ona görə də ardıcıl təxribatlarla özlərinin antigürcüstan sifarişləri yerinə yetirməyə hazır olduqlarını ortalığa qoydular".

Onun sözlərinə görə, rəsmi Tbilisi assosiativ müqavilədən olan bəzi bəndlərin hələlik reallaşmayacağını bildirdi, bununla da ermənilərin assosiativ müqavilədəki "əlavələrinə" öz münasibətini bildirdi. Rəsmi Tbilisi assosiativ müqavilənin tələbinə uyğun Ermənistanla viza rejimini tətbiq edəcəyini gündəliyə gətirdi: "Ermənistanın internet kabeli Gürcüstan ərazisində dörd yerdən doğrandı. Ermənilər başa düşdülər ki, bu hadisələr təsadüfi deyil. İddialarından məcburən geri çəkilməli oldular. Ermənistanın ədliyyə naziri, yaxınlaradək Ermənistanın Gürcüstandakı səfiri işləmiş R.Manukyan hadisələrə ikibaşlı münasibət bildirməyə məcbur oldu; Erməni kilsələri ətrafında baş verənlər məişət məsələsidir, maşın parkinqi ilə bağlıdır, amma Gürcüstanda ermənilərə qarşı milli və dini dözümsüzlük halları da mövcuddur".

Antigürcü proseslərin ikinci qrupuna gəlincə, M.Əhmədoğlu bildirib ki, Abxaziyadakı bir qrup erməni deputat gözlənilmədən gürcü-abxaz dəmiryolunun fəaliyyətə başlaması məsələsini aktuallaşdırdılar: "Hadisələr gözlənilmədən qalxdığı kimi gözlənilmədən də ermənilərin maraqlarının əleyhinə yönəldi:

I. Abxaziya rəhbərliyi dəmiryolu açmaq üçün şərt irəli sürdü; Ermənistan Abxaziyanın müstəqilliyini tanımalıdır. Bəllidir ki, Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra Gürcüstan Ermənistanla münasibətləri kəsəcəkdir.

II. Abxaziya rəhbərliyi və ictimai-siyasi mühiti Abxaziyadakı erməniləri "gürcü-abxaz dəmiryolu" termininə görə satqınlıqda ittiham etdi. Guya Abxaziya erməniləri gürcülərin terminindən istifadə edib. Bu yolun adı "Zaqafqaziya dəmiryolunun Abxaziya hissəsi"dir.

III. Gürcüstan rəhbərliyi bunu və eləcə də Aİ ilə imzaladıqları assosiativ müqavilədəki gürcü-abxaz dəmiryolunun funksiyalaşmasına zəmin yaradan müddəaları nəzərə alaraq bir daha bəyan etdilər ki, rəsmi Tbilisinin gündəliyində gürcü-abxaz dəmiryolunun açılması ilə bağlı məsələ yoxdur və bu dəmiryolu yalnız Gürcüstanın maraqlarına cavab verəcəyi təqdirdə fəaliyyətə başlayacaqdır.

IV. Gürcü-abxaz dəmiryolu ətrafında Abxaziya ermənilərinin yaydığı müraciət bəzi gizli faktların üzə çıxmasına da şərait yaratdı: Abxaziyanın mərhum prezidenti S.Baqapş gürcü-abxaz dəmiryolunun açılması adı ilə Moskvadan kredit götürübmüş. İndi də o kreditin hara xərcləndiyi bəlli deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti