...

Yəhya Musayev: Bakıda ADEX 2014-ün keçirilməsi Azərbaycanın nüfuzunun artdığını göstərir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 Sentyabr 2014 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Bakıda Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dövlətinin nüfuzu artır". Bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev 11-13 sentyabr tarixlərində Bakıda və regionda ilk dəfə keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq "Müdafiə sənayesi" (ADEX 2014) sərgisi ilə əlaqədar təşkil olunan mətbuat konfransında bildirib.

Y.Musayevin sözlərinə görə, sərgiyə hazırlıq işi çox səmərəli keçib, 34 dövlətdən 200 şirkət və 22 rəsmi nümayəndə iştirak edir: "Müdafiə sənayesi sərgiləri yalnız inkişaf etmiş dövlətlərdə keçirilir. Postsovet ölkələrində bu cür sərgilər Azərbaycandan əvvəl Rusiya, Belarus, Qazaxıstanda keçirilib. Amma Azərbaycanda keçirilən sərgidə digərlərindən fərqli olaraq daha çox şirkət iştirak edir".

O, qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi artıq 15-dən çox sərgidə iştirak edib və bazara çıxardığı məhsullarla özünü təsdiq edib: "İlk sərgidə nazirlik 27 məhsul təqdim etmişdisə, indi sərgidə artıq 168 məhsulla çıxış edir".

Nazir müavini bildirib ki, sərgidə Türkiyə və İsrailin müdafiə nazirləri, Belarus, Cənubi Koreya, Qətər və Malayziyanın müdafiə nazirlərinin müavinləri iştirak edəcəklər. İran və bir neçə dövlət isə Müdafiə nazirliklərinin Qərargah rəisləri səviyyəsində təmsil olunacaqlar.

Bundan əlavə, sərgidə Fransa, ABŞ, Xorvatiya, İspaniya və bir çox qabaqcıl ölkələrin şirkətləri də təmsil ediləcəklər.

Qeyd edək ki, sabah Bakı Ekspo Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) açılacaq.

Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə 11-13 sentyabr tarixlərində təşkil olunacaq sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edəcək.

Sərginin təşkilati tərəfdaşları "İteca Caspian" və "Caspian Event Organisers" şirkətləridir. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukrayanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənir. Sərginin platin sponsoru Niderland Krallığının "Damen Shipyards Group" gəmiqayırma şirkətdir. Sərginin qızıl sponsoru qismində isə Türkiyənin "Roketsan" şirkəti çıxış edir.

Sərgidə ən yeni nailiyyətlər 6 tematik istiqamət üzrə təqdim olunacaq. Bura quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr və əmlak, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı və kosmik texnologiyalar daxildir.

"Caspian Event Organisers" şirkətinin direktoru Edvard Stroon ADEX-2014-ə böyük maraq olduğunu qeyd edib: "Bu, Azərbaycanın dinamik inkişafı və Azərbaycan hökumətinin sərginin təşkilinə dəstəyi ilə birbaşa bağlıdır. Azərbaycan xalqına hər zaman öz təhlükəsizliyini təmin etməyi arzulayram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti