...

Ərdoğan: "İslam Dövləti"nin sıralarına təkcə müsəlmanlar daxil deyil

Siyasət Materials 29 Sentyabr 2014 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

"İslam Dövləti" terror təşkilatının üzvləri təkcə müsəlmanlar deyil. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısının sözlərinə görə, İslam radikalizminin səbəblərinin axtarışı ilə məşğul olmaq əvəzinə dünyanın lider dövlətləri yalnız onun nəticələrindən danışırlar: "Dünya dövlətləri problemi həll etmək əvəzinə, radikal qruplaşmaları silahlandırırlar".

Bir müddət əvvəl R.T.Ərdoğan bəyan etmişdi ki, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ədalətinə ümidini itirmiş adamlar bu ədaləti terrorçuların sıralarında axtarırlar.

Qeyd edək ki, "İslam Dövləti " (əvvəllər "İraq və Şam İslam Dövləti") 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə "əl-Qaidə" terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islam qruplaşması daxildir.

Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İslam Dövləti" təşkilatı "əl-Qaidə"nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına "cihad" elan etdiyini bəyan edib.

"İslam Dövləti"nin Suriyada mövqelərinin möhkəmlənməsi onun İraqa qayıda bilməsinə gətirib çıxarıb.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada nəzarəti altında olan ərazilərdə "İslam xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti