Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/
Vitse-spiker millət vəkilini parlamentdə "tikanlı danışmaq"da ittiham edib.
Trend xəbər verir ki, parlamentin payız sessiyasının ilk iclasında deputat Zahid Orucun "bir saatda 36 layihəni qəbul etsək, bu, rekorda düşəcək" atmacası Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən sərt qarşılanıb.
O, millət vəkilinin sözünü yarımçıq kəsərək onu "tikanlı danışmaq"da ittiham edib. Vitse-spiker Z.Oruca xatırladıb ki, bu layihələrin əksəriyyətində qanunlara texniki xarakterli dəyişikliklər edilir və müzakirəyə demək olar ki, ehtiyacı yoxdur: "Yaxşı olardı ki, bura gəlməzdən əvvəl layihələri qaldırıb baxardınız, oxuyardınız və görərdiniz ki, söhbət nədən gedir. Yoxsa gəlib burada qaldırıb baxırsınız, heç bilmirsiniz də nədir".
Z.Oruc isə ünvanına səslənən iradlarla razılaşmayıb və bildirib ki, elə layihələri oxuyan tək-tük deputatlardan biri də özüdür: "Ziyafət müəllim, mən tikanlı sözlər demirəm. Bilmirəm, siz üzünüzü kimə tutaraq bu sözləri deyirsiniz. Özünüz də bilirsiniz ki, qanunları oxuyan şəxslərdən biri elə mənəm".
O, fikrinə davam edərək "istrənilən halda bu, xoşagələn bir şey deyil" deyib.
Vitse-spiker isə növbəti dəfə Z.Orucun sözünü kəsərək bildirib ki, əgər aidiyyəti üzrə çıxışını davam etdirməsə, ona söz verməyəcək.
Bu mübahisəyə münasibət bildirən spiker Oqtay Əsədov deyib: "Zahid Oruc burada parlamenti rekordsmen adlandırdı. Görürəm, elə siz özünüz (Zahid Oruc - red.) də sürətlə gedirsiniz. Allah xeyirli etsin. Deyəsən, siz də partiya yaratmaq istəyirsiniz".