Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Vyetnam Milli Assambleyasının Hüquq komitəsinin üzvləri ilə Ədliyyə Nazirliyində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Vyetnam arasında mövcud dostluq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edilib, dövlət başçısı cənab İlham Əliyevin Vyetnama səfərinin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyi xüsusi vurğulanaraq bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.
Nazir müavini Toğrul Musayev ölkə başçısının rəhbərliyi ilə aparılan köklü məhkəmə-hüquq islahatları, o cümlədən ədliyyə sisteminin inkişafı, qanunyaradıcı fəaliyyətdə nazirliyin funksiyaları barədə məlumat verib, hüquqi sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Ölkələrimiz arasında tarixi köklərə bağlı əlaqələrin genişləndirilməsinə böyük önəm verdiklərini bildirən qonaqlar vyetnamlı yüksək mütəxəssislərin hazırlanmasında Azərbaycanın töhfəsini xüsusi vurğulayıblar. Vaxtilə Bakıda ali hüquq təhsili alan Vyetnam Milli Assambleyasının komitə sədri Fan Trunq Li səfər zamanı Azərbaycanın hərtərəfli dinamik tərəqqisindən, əldə etdiyi nailiyyətlərdən heyran qaldığını bildirib, xalqımızın yüksək və səmimi qonaqpərvərliyinin dəyişməz olduğunu vurğulayıb.
Söhbət zamanı ədliyyə fəaliyyəti ilə bağlı faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.