Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Leyla Yunusun bu cür yüksək mükafatlara namizədliyinin irəli sürülməsi sabotaj xarakteri daşıyır. Bu barədə Trend-ə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı Beynəlxalq Qadın Hüquq Müdafiəçiləri Koalisiyasının L.Yunusun 2015-ci il üçün Nobel mükafatına namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib.
N.Orduxanlı qeyd edib ki, bu, sırf Azərbaycan cəmiyyətinə hesablanıb və təzyiq xarakteri daşıyır ki, sanki guya L.Yunus Azərbaycanda bir "qəhrəman"dır: "Yəni onun bu "qəhrəmanlığı"nı bütün ictimaiyyətə və paralel olaraq beynəlxalq təşkilatlara çatdırmağa çalışırlar ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı daha çox təzyiq etsinlər. Leyla Yunusun namizədliyini əvvəlcə "Saxarov" mükafatına təqdim etdilər, ancaq ona bu mukafat verilmədi. İndi də Nobel mükafatına bilərəkdən təqdim edirlər ki, əsas müzakirə aparılanda desinlər ki, bu adam Nobel mükafatına namizəddir, amma hazırda onunla bağlı istintaq hərəkətləri gedir".
O, əlavə edib ki, L.Yunusun bütün fəaliyyəti Azərbaycanın milli maraqlarına zərbə vurmağa yönəlmişdi: "Yəni bu adam necə Azərbaycanı sevə bilər ki, "xalq diplomatiyası"adı altında Azərbaycan ictimaiyyətində tanınan adamları Ermənistana aparıb görüşlər keçirirmiş, Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə danışıqlar aparırmış".