Azərbaycan redaksiyası:
"Azərbaycanda müstəqil KİV-lərə və söz azadlığı tərəfdarlarına qarşı repressiyalara son qoyulmalıdır". Trend-in məlumatına görə, bunu ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bloger kimi tanınan Mehman Hüseynovun saxlanmasına münasibət bildirərkən deyib.
Miyatoviç hesab edir ki, guya Azərbaycanda müstəqil medianın və QHT-lərin nümayəndələrinə əsassız ittihamlar irəli sürülür.
ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç yenə öz ampluasındadır. Azərbaycandakı "tərəfdaşların"dan aldığı saxta donoslar hesabına rəy bildirmək hası peşəkar çərçivəyə sığır? Ölkə daxilində baş verən hadisələrə görə ən azından Azərbaycan hökumətinin rəyi də dinlənilməlidir.
Guya Dunya Miyatoviç bilmir ki, 2012-ci ildə Mehman Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı qanuna müvafiq qaydada yasaqlanıb. Mehman Hüseynov bu yasağa məhəl qoymadan ölkədən çıxmağa cəhd edib və polis bu cəhdin qarşısını alıb və dindirilərək buraxılıb. Burada hansı azadlığın məhdudlaşdırılmasından söhbət gedə bilər?
Onda bu məntiqlə gərək Dunya Miyatoviç əksər Avropa ölkələrini söz və məlumat azadlığını təqib etməkdə suçlasın. Bəs niyə suçlamır? Niyə hansısa cinayəti törətməkdə ittiham olunan QHT rəhbərlərinin həbsini əsassız ittiham hesab edir? Dunya Miyatoviçin dərsindən beş olmasına şübhə etmirik, ancaq obyektiv olmasına şübhəmiz olduqca böyükdür.
Azərbaycanı bu cür təzyiq altında saxlamağa edilən cəhdlər mənasızdır. Azərbaycan dövləti öz milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan dövləti vətəndaşının gələcək həyatını təmin etməkdə maraqlıdır. Bunun üçün də dövlətin milli təhlükəsizliyini təhdid altında qoyan hər bir kəs öz cavabını alacaq.