Azərbaycan, Bakı, 13 noyabr /Trend/
"Sizin səfərinizin çox böyük əhəmiyyəti var. Çox şadam ki, səfər çox uğurlu keçir. Bu il biz Sizinlə dördüncü dəfədir ki, görüşürük. Bu, özlüyündə bir göstəricidir". Trend-in məlumatına görə, bunu noyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə birgə mətbuata bəyanatında deyib.
Prezident deyib ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir: "Bu görüşlərin gözəl nəticələri vardır. Mən İran İslam Respublikasına rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Bu ilin aprel ayında qonşu ölkəyə səfər etmişəm. Sizinlə apardığım danışıqlar, keçirdiyimiz fikir mübadiləsi bir daha göstərir ki, bizim aramızda nə qədər səmimiyyət var, İran və Azərbaycan bir-birinə nə qədər yaxın və bağlıdırlar. Sizin bugünkü səfəriniz bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bu gün imzalanan sənədlər, aparılan fikir mübadiləsi, sabah keçiriləcək biznes forum əlbəttə ki, əlaqələrimizin inkişafına xidmət göstərəcəkdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır".
Dövlət başçısı qeyd edib ki, əsrlər boyu Azərbaycan və İran xalqları bir-biri ilə sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış, yaratmışlar: "Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Son aylar ərzində bu əlaqələr yeni pilləyə qalxmışdır. Bizim çox gözəl siyasi əlaqələrimiz vardır. Mütəmadi təmaslarımız, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda bir-birimizə göstərilən dəstək siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz üzv olduğumuz beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik və bütün məsələlərdə bir-birimizin yanındayıq. Ölkələrimiz üçün ən vacib və həssas məsələlərdə də biz qarşılıqlı dəstək göstəririk. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik".
İlham Əliyev bildirib ki, Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də biz İranın dəstəyini həmişə hiss edirik: "İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir. Bildiyiniz kimi, bu münaqişə uzun illərdir ki, öz həllini tapmır. Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu erməni silahlı qüvvələrinin işğalı altındadır.
Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı dörd qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb, tarixi abidələrimiz dağıdılıb.
Əcdadlarımızın qəbirləri, məscidlərimiz erməni quldur dəstələri tərəfindən dağıdılıbdır. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmiş və öz məruzələrində bunu təsdiqləmişlər. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün həyatı yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər. Münaqişənin ərazi bütövlüyü çərçivəsində həll edilməsi əlbəttə ki, bölgəyə sülh gətirəcək. Bu münaqişənin başqa həll yolu yoxdur. Ədalət, beynəlxalq hüquq bərpa edilməlidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir".
Prezident daha sonra deyib: "Biz digər beynəlxalq məsələlərlə bağlı daim təmasdayıq, bir-birimizi dəstəkləyirik. Əminəm ki, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz bundan sonra da bu əsaslarda qurulacaqdır. İqtisadi sahədə gözəl imkanlar var. Hökumətlərarası birgə komissiya fəal işləyir və gözəl nəticələr vardır. Biz bu gün energetika sahəsində əməkdaşlığı müzakirə etdik. Neft-qaz, elektrik enerjisi, qaz mübadiləsi sahələrində çox böyük imkanlar var. Artıq bir neçə layihə icra edilib. Yeni layihələrin icra edilməsi də gözlənilir. Eyni zamanda, biz bu gün nəqliyyatla bağlı məsələləri geniş müzakirə etdik. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması hər iki tərəfin marağındadır. Biz bu önəmli layihənin həyata keçirilməsində fəal iştirak edirik, öz səylərimizi qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir. Ümumiyyətlə, demək istəyirəm ki, bizim siyasi, iqtisadi əlaqələrimiz, konkret layihələrin icrası, eyni zamanda, bölgədə sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək və göstərir. Əfsuslar olsun ki, bizim regionda vəziyyət kifayət qədər gərgindir. Qanlı toqquşmalar, müharibələr baş verir, sabitlik pozulur. İran-Azərbaycan dostluğu, tərəfdaşlığı burada bir sabitləşdirici amildir. Biz sabitləşdirici addımlarla bölgədə sülhü qoruyuruq, müdafiə edirik. Əminəm ki, bizim birgə səylərimiz nəticəsində gələcəkdə bölgədə sabitlik bərpa ediləcək. Çünki sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz, o ölkəyə xarici sərmayə yatırılmaz, ümumiyyətlə, iqtisadi inkişafdan söhbət gedə bilməz. Biz öz səylərimizlə regional əməkdaşlığa da töhfəmizi veririk. Həştərxan şəhərində keçirilmiş Xəzər zirvəsi də çox uğurlu zirvə idi, gözəl nəticələr olmuşdur, vacib qərarlar qəbul edilmişdir. Bu da bizim beynəlxalq məsələlərə olan münasibətimizdir. Biz bütün başqa sahələrdə inamla irəliləyirik. Əlbəttə ki, humanitar sahədə çox gözəl əməkdaşlıq var, bu da təbiidir. Çünki əsrlər boyu bizim xalqlarımız bir yerdə olmuşlar, yaşamışlar, yaratmışlar. Bizim ortaq tariximiz, mədəniyyətimiz dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə, hörmətli cənab Prezident, Sizin səfəriniz çərçivəsində bütün bu məsələlərin müzakirə edilməsi, konkret tapşırıqların verilməsi, əlbəttə ki, gələcəkdə bizim tərəfdaşlığımızı daha da möhkəmlədəcəkdir. Biz konkret layihələr üzərində işləyirik. İnfrastruktur layihələrinin icrası, bank sektorundakı əməkdaşlıq və digər layihələr nəzərdən keçirilir.
Sabah keçiriləcək biznes forum isə iş adamlarını bir yerə yığacaq.
Buna da çox böyük ehtiyac var. Çünki iş adamları görürlər ki, harada siyasi əlaqələr yüksək səviyyədədir, onlar o ölkələrlə daha da sıx əməkdaşlıq edirlər. Beləliklə, bizim əlaqələrimiz möhkəmdir.
İran-Azərbaycan dostluğu sarsılmazdır, heç bir kənar qüvvə bizim aramıza girə bilməz. Bizim birliyimiz ölkələrimizin və bölgənin gələcəyi üçün lazımdır. Hörmətli, cənab Prezident Sizin səfərinizə çox böyük əhəmiyyət verərək, Azərbaycanda Sizi bir daha səmimiyyətlə salamlayıram".