Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Dekabrın 14-də mitinq keçirməklə Müsavat Partiyası özünü daxili problemlərini həll etmiş kimi göstərməyə çalışır. Bu barədə Trend-ə Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli deyib.
Onun fikrincə, Müsavat Partiyası ictimai rəyə belə bir fikri təqdim etməyə çalışır ki, guya partiya artıq bütün ziddiyətləri aşıb, partiya üzərində tam nəzarət bərpa olunub və hətta vəziyyətə o dərəcədə nəzarət edə bilir ki, mitinq də keçirir: "Yəni mitinqin keçirilməsi sırf konyunktur niyyətlərə istiqamətlənib. Yəqin ki, kifayət qədər adam toplaya bilməyəcəklər, amma hər halda mitinqin keçirilməsi faktı Müsavatın daxili qruplarından birinin maraqlarına xidmət etmiş olacaq".
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.