...

Fəxri konsul: Heydər Əliyev Azərbaycan-Ukrayna dostluğunun memarıdır

Siyasət Materials 11 Dekabr 2014 15:45 (UTC +04:00)
Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir ki, onun özündən sonra qoyub getdiyi ideyalar nəinki doğma məmləkətimizə, həmçinin Azərbaycanla dünya ölkələrinin dostluq yollarına nur saçır.
Fəxri konsul: Heydər Əliyev Azərbaycan-Ukrayna dostluğunun memarıdır

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir ki, onun özündən sonra qoyub getdiyi ideyalar nəinki doğma məmləkətimizə, həmçinin Azərbaycanla dünya ölkələrinin dostluq yollarına nur saçır. Bu baxımdan ulu öndərin xalqımız və dövlətimiz naminə apardığı müdrik və uzaqgörən siyasət Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Bunu Trend-ə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu, Sumı vilayətinin deputatı Əfqan Salmanov deyib.

Onun sözlərində görə, heç də təsadüfi deyil ki, Ukraynanın bir çox ictimai, siyasi xadimləri ulu öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər: "Dahi öndərin SSRİ Nazirlər Kabinetinin sədr müavini işlədiyi dövrlərdə Ukrayna və Ukrayna xalqı qarşısındakı əvəzsiz xidmətləri, o illərdə Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabrik və zavodların tikintisinə yardımçı olması, Çernobl Atom Elektrik stansiyasında baş vermiş partlayışın keçmiş Sovet rəhbərliyi tərəfindən gizli saxlandığı bir dönəmdə Heydər Əliyevin həyəcan siqnalı verməsi və faciənin aradan qaldırılmasında göstərdiyi tarixi şücaət Ukrayna xalqı tərəfindən bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanır".

Ə.Salmanov qeyd edib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra da Heydər Əliyev Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib: "Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrik siyasət nəticəsində ölkələrimiz arasında davamlı və yüksək səviyyədə iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub. Azərbaycan və Ukrayna GUAM regional təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə əsaslı təkan verib. Səfər çərçivəsində ulu öndər Heydər Əliyevlə Ukraynanın keçmiş dövlət başçısı Leonid Kuçma arasında keçirilən tarixi görüş ölkələrimiz arasındakı iqtisadi, siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edib. Görüş zamanı Azərbaycanla Ukrayna arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması gənc və müstəqil dövlətlərimizin gələcək strateji əməkdaşlığının hüquqi bazasına çevrilib. Səfər çərçivəsində Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordeninin və Kiyev şəhərinin fəxri vətəndaşı adının verilməsi birmənalı olaraq dahilik və müdrikliyə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirilir".

Fəxri konsul bildirib ki, ötən dövr ərzində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan Respublikası beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib: "Bu mənada inamla demək olar ki, Azərbaycanla Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənib. Ölkələrimiz beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış edərək, qarşılıqlı maraq doğuran məsələlərdə birgə əməkdaşlığı inkişaf etdirirlər. Hər iki ölkə müstəqilliklərini əldə etdikləri gündən indiyədək beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınırlar. Fərəhləndirici haldır ki, Azərbaycanla Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub. Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olmaq prinsipini bu gün də böyük əzmlə qoruyub saxlayır. Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma dəfələrlə minnətdarlıq hissi ilə qeyd edib ki, bu ənənələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub: "Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın dost və məsləkdaşımız kimi bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib. Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anları heç zaman unutmuruq. Dostlar həmişə çətin anlarda tanınır. Bu baxımdan Ukraynanın çətin və mürəkkəb vəziyyətlə üzləşdiyi bir zamanda Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərməklə xalqımıza arxa-dayaq olub. Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq, Uraynanı məhsul yığımını həyata keçirmək üçün yanacaqla təmin etdi. Bu o zaman uUraynanın energetikasını və kənd təsərrüfatını xilas etmək demək idi. Bu yaxşılıq əlbəttə ki, Ukrayna xalqı tərəfindən heç zaman unudulmayacaq". Təbii ki, cənab Kuçmanın bu səmimi sözlərini bu gün demək olar ki, Ukraynanın istənilən dovlət və hökumət rəsmilərinin dilindən eşitmək olur. Məhz ulu öndər Heydər Əliyevin Kiyev şəhərinin mərkəzində abidəsinin ucaldılması, onun adına istirahət parkının salınması, Ukraynanın ali təhsil ocaqlarından birinə - Beynəlxalq Sosial Elmlər İnstitutuna Heydər Əliyevin adının verilməsi heç də təsadüfi deyil. Bu adlar uzun illər dahi bir şəxsiyyətin zaman-zaman bir xalqın qəlbində özünə ucaltdığı əbədi sevgi təcəssümüdür".

O, qeyd edib ki, iki ölkə arasındakı xeyirxahlıq ənənələri bu gün də davam etdirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən düşünülmüş şəkildə prinsipiallıqla davam etdirilən siyasi və iqtisadi strategiya ölkələrimizi bir-birinə daha da sıx bağlayır: "Bölgədə iri layihələrin reallaşdırılması Azərbaycanın iqtisadi gücünü artırıb Bu da ölkəmizə dünya miqyasında bir sıra qlobal layihələrin həyata keçirilməsi üçün geniş şərait yaradır. Ukrayna Azərbaycan iqtisadiyyatının stimullaşdırılmasını, müxtəlif texnogen qəzaların nəticələrinin aradan qaldırılmasındakı böyük fəallığını yüksək qiymətləndirir. Ötən illərdə Çernobıl Atom Elektrik Stansiyasında "Örtük" layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna Azərbaycan tərəfindən bir milyon dollar həcmində vəsait köçürülməsi ölkəmizin xeyirxahlıq ənənəsinin, dostluq və əməkdaşlığa sadiqliyinin bariz nümunəsi kimi dəyərləndirilir. Bu, eyni zamanda, Azərbaycan və Ukrayna xalqları arasında qırılmaz dostluq əlaqələrinin daha sıx tellərlə bağlanmasından xəbər verir. Vaxtilə ulu öndər Heydər Əliyev Azərbaycanla Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurub. Bu məqsədlə təkcə 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-dək müqavilə, saziş və protokol imzalanıb. Həmin sənədlər müvafiq qaydada təsdiq olunmuş nazirlik, komitə, şirkət, konsern, birlik, mərkəzi idarə və təşkilatlara göndərilib, onların müddəalarından irəli gələn tədbirlərin həyata keçirilməsi tapşırılıb. Görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənib. Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası cənab İlham Əliyev tərəfindəndə uğurla davam etdirilir. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Ukraynaya etdiyi rəsmi və dövlət səfərləri ikitərəfli dostluq münasibətlərinin inkişafinda xüsusi rol oynayıb. Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlığa dair imzalanmış müqavilələr qarşılıqlı münasibətlərin inkişafına öz səmərəli töhfəsini verib".

Ə.Salmanovun sözlərinə görə, hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyəti də kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Azərbaycan da öz növbəsində, Ukraynanın qarşılaşdığı indiki ağır dönəmdə oz dəstəyini əsirgəmir. Beynəlxalq arenada Krım məsələsinin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dəstək verib: "Fərəhləndirici haldır ki, bu gün Azərbaycan-Ukrayna əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan daha fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir. Təbii ki, ikitərəfli qarşılıqlı əlaqələrin durmadan inkişaf etməsinin kökündə müdrik düşüncənin məntiqi dayanır. O müdrik düşüncə ki, onun memarı və müəllifi dahi Heydər Əliyevdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti