...

Tural Rzayev: Azərbaycan və Küveyt arasında əməkdaşlıq potensialı çox böyükdür

Siyasət Materials 6 Fevral 2015 12:44 (UTC +04:00)
Azərbaycan və Küveyt arasında əməkdaşlığın potensialı çox böyükdür. Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev belə hesab edir.
Tural Rzayev: Azərbaycan və Küveyt arasında əməkdaşlıq potensialı çox böyükdür

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Küveyt arasında əməkdaşlığın potensialı çox böyükdür. Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev belə hesab edir.

T.Rzayev Trend-ə bildirib ki, Azərbaycanla Küveyt arasında qarşılıqlı sərfəli əməkdaşlığa əsaslanan yaxşı əlaqələr mövcuddur: "İki ölkə daim bir-birini beynəlxalq arenada dəstəkləyir. Küveyt daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həm ikitərəfli platformada, həm də beynəlxalq qurumlarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsində həmişə Azərbaycanı dəstəkləyirlər. Bu münaqişədə Azərbaycanı beynəlxalq hüquq əsasında dəstəkləyən BMT TŞ-nin dörd qətnaməsi, İƏT-in qətnamələri mövcuddur. Küveyt bu məsələdə bu mövqedən çıxış edir".

Azərbaycanlı diplomat bildirib ki, iki ölkə arasında siyasi münasibətlər müntəzəm siyasi məsləhətləşmələr vasitəsilə dəstəklənir, bütün səviyyələrdə rəsmi şəxslərin qarşılıqlı səfərləri həyata keçirilir.

Azərbaycan Prezidenti 2009-cu ildə Küveytə rəsmi səfər edib.

Küveytin rəsmi şəxslərindən 2013-cü ildə Azərbaycana Baş nazirin birinci müavini, xarici işlər naziri Sabah əl-Xalid əl-Hamad əl-Sabah gəlib.

Səfirin qeyd etdiyi kimi, Azərbaycan da Küveytdə keçirilən bütün iri tədbirlərdə iştirak edir. Mayın 21-də bu ölkədə İslam Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək ki, Azərbaycan həmin tədbirdə təmsil olunacaq.

Səfirlik Küveyt ictimaiyyətini Azərbaycan reallıqları ilə tanış etməkdə davam edir.

Diplomatik missiya yanvarda 20 Yanvar faciəsinin 25 illiyinə həsr edilmiş tədbir keçirib, aparıcı qəzetlərdə bu tarixlə bağlı materiallar dərc etdirib.

Hər il Azərbaycanda və Küveytdə qarşılıqlı şəkildə mədəniyyət günləri keçirilir. Bu ənənə bu il də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti