...

"Müsavat Partiyasından çıxarılanlar və istefa verənlər yeni partiya yarada bilərlər"

Siyasət Materials 9 Fevral 2015 11:41 (UTC +04:00)
“Müsavat Partiyasında baş verənlər demokratik proseslər deyil. Partiyanın artıq avtoritarizmə meyilləndiyini müşahidə etmək mümkündür”.
"Müsavat Partiyasından çıxarılanlar və istefa verənlər yeni partiya yarada bilərlər"

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat Partiyasında baş verənlər demokratik proseslər deyil. Partiyanın artıq avtoritarizmə meyilləndiyini müşahidə etmək mümkündür". Bu barədə Trend-ə Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli qeyd edib ki, çünki sonuncu qurultayda partiya başqanlığına namizəd olan şəxslərdən ikisi artıq partiyadan çıxarılıb: "Xüsusilə ikinci ən böyük səs toplamış və özü də kifayət qədər inandırıcı səs toplamış Qubad İbadoğlunun partiyadan çıxarılması demokratik prinsiplərə, partiyanın nizamnaməsinə uyğun gəlmir və bu, onu göstərir ki, partiyanı bir neçə şəxsin subyektiv iradəsinə tabe etdirməyə çalışırlar".

Politoloq hesab edir ki, bu hadisələr partiyanı həm çox zəiflədir, həm də onun cəmiyyətdəki nüfuzuna böyük zərbə vurur: "Ola bilsin ki, partiyadan çıxarılanlar və istefa verənlər yeni bir partiyanın yaradılmasına cəhd göstərsinlər".

Onun firkincə, Müsavat Partiyası artıq parçalanmış kimidir: "Əgər partiyanın az qala yarısı başqa bir nöqteyi-nəzərə qulluq edirsə, bunu parçalanma kimi də dəyərləndirmək olar".

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

Fevralın 6-da Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib. İclasda partiyadaxili məsələlər, xüsusilə Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun partiyanın sıralarından xaric edilməsi məsələsi müzakirə edilib. Yığıncağa Q.İbadoğlunun da dəvət olunmasına baxmayaraq, o, toplantıda iştirak etməyib. Müzakirələrin yekununda Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi məsələsi səsə qoyulub və 12 nəfər lehinə, 1 nəfər bitərəf qalmaqla qərar qəbul olunub.

Bundan əvvəl isə başqanlığa digər keçmiş namizəd Səxavət Əlisoy və digər bir sıra üzvlər partiya sıralarından xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti