...

Vahid Əhmədov: "Cənub Qaz Dəhlizi" Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır

Siyasət Materials 13 Fevral 2015 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan üçün "Əsrin Müqaviləsi"nə bərabər bir layihədir. Bu layihə həm siyasi, həm də iqtisadi baxımdan, o cümlədən müstəqilliyin gücləndirilməsi baxımından Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov qeyd edib ki, ümumiyyətlə, Azərbaycan müstəqillik qazanandan indiyə qədər çox uğurlu enerji siyasəti həyata keçirib.

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın neft strategiyasının reallaşdırılması nəticəsində dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinin Azərbaycan milli sektorunda karbohidrogen ehtiyatlarının hasilatı və nəqlinə cəlb olunub və bu səbəbdən də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni etibarlı mənbə rolunu oynamağa başlayıb: "Cənub Qaz Dəhlizi" layihəsi Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın əhəmiyyətini daha da artırır".

V.Əhmədovun fikrincə, bu layihənin həyata keçirilməsinə mane olanlar var: "Hiss olunur ki, bu layihə bəzi qüvvələr tərəfindən qısqanclıqla qəbul olunur. Buna baxmayaraq, bu layihə çox düzgün atılmış bir addımdır. Bu layihə, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq. Bakıda keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün nəticələri də bunu deməyə əsas verir".

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti