...

Macarıstanda "Qarabağ hekayələri" kitabının təqdimatı olub (FOTO)

Siyasət Materials 1 Aprel 2015 15:29 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyində Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım mərasimi keçirilib.
Macarıstanda "Qarabağ hekayələri" kitabının təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyində Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasim yazıçı Günel Anarqızının Budapeştdə Azərbaycan və macar dillərində yenicə çapdan çıxan "Qarabağ hekayələri" kitabının təqdimatı ilə müşayiət olunub. İndiyə qədər bir sıra dillərə tərcümə edilən hekayələr toplusu səfir Vilayət Quliyevin "İtirilmiş cənnətin sorağında" adlı ön sözü ilə açılır.

Anım mərasimi ilə kitab təqdimatının bir araya gətirilməsinin səbəbləri var. Bu, hər şeydən əvvəl "Qarabağ hekayələri"ndə son iki əsrdə radikal erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasətinin bədii əksini tapması ilə bağlıdır. Altı hekayədən ibarət silsilədə yüz minlərlə insanın həyatına öz dəhşətli möhürünü vurmuş Dağlıq Qarabağ münaqişəsi, dörddə bir əsr davam edən erməni işğalı bədiiliyin tələb və meyarları ilə soyqırımı faktı kimi dəyərləndirilir, Azərbaycan insanının üzləşdiyi psixoloji sarsıntılar, yurd itkisi, erməni vəhşiliyinin biri-birindən dəhşətli mənzərələri bu hekayələri yaddaşlarda yaşayan soyqırımı sənədləri kimi qəbul etməyə əsas verir.

Anım mərasimi və kitab təqdimatını açan V.Quliyev öz çıxışında 1998-ci ildən başlayaraq 31 mart tarixinin Azərbaycanlılarının Soyqırımı Günü kimi ölkədə və onun hüdudlarından kənarda geniş qeyd edildiyini xatırladıb. Səfir qonşu Ermənistanın təcavüzkar siyasəti nəticəsində ötən əsrin əvvəllərindən etibarən azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, tarixi torpaqlarından sürgün edilməsi və didərgin salınmasını XX əsrdə insanlığa qarşı törədilən dəhşətli cinayətlərdən biri kimi dəyərləndirib. Təqdimatı keçirilən kitabın bu baxımdan bədii sənəd olduğunu və macar oxucularında dost Azərbaycan xalqının üzləşdiyi faciələrlə bağlı dolğun təsəvvür yaradacağını vurğulayıb.

Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva rəhbərlik etdiyi qurumun Macarıstam ictimaiyyəti arasında Azərbaycan həqiqətlərini, xüsusilə də erməni işğalının acı nəticələri ilə bağlı gerçəkləri yaymaq istiqamətində gördüyü işlərdən bəhs etdi. Bu baxımdan G.Anarqızının "Qarabağ hekayələri" kitabının öz bədii təsir gücü ilə insanları daha çox inandıracağını bildirib.

Sonda çıxış edən yazıçı G.Anarqızı soyqırımı qurbanlarının anılmasına və bu kədərli mövzuya kiçik töhfə olan kitabının təqdimat mərasiminin keçirilməsinə görə səfirliyə və Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinə təşəkkürünü çatdırıb. Müasir macar oxucuları bu kitab vasitəsilə erməni işğalı nəticəsində Azərbaycan xalqının üzləşdiyi faciələr barədə müəyyən obyektiv təsəvvür əldə etdiyi təqdirdə bunu özünün uğuru sayacağını vurğulayıb. Bir azərbaycanlı və yazıçı kimi "Qarabağ hekayələri"ndə toxunulan mətləblərin aktuallığını itirməsini həyatının ən böyük arzusu adlandırıb.

Mərasimdə Macarıstanın yaradıcı ziyalıları, diplomatik korpus təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti