...

Eldar Quliyev: "Bu kampaniyanın da iflasa uğrayacağına əminəm"

Siyasət Materials 8 Aprel 2015 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"İlk Avropa Oyunlarının keçirilməsi yaxınlaşdıqca ölkəmizə qarşı güclənən qarayaxma kampaniyasının məqsədi Azərbaycanın uğurlu işlərini, beynəlxalq nüfuzunu gözdən salmaqdır". Bu barədə Trend-ə Milli Məclisin deputatı Eldar Quliyev deyib.

E.Quliyev qeyd edib ki, burada erməni lobbisinin də əli var: "Ermənilər artıq bütün dünyada ifşa olunurlar. Onların qondarma "soyqırım"larının 100 illiyini hətta dəvət olunan dövlətlər də qəbul etmirlər, buna getmirlər. Digər tərəfdən də, ermənilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədikləri qeyri-konstruktiv mövqeni ört-basdır etmək üçün bu kampaniyanı aparırlar".

E.Quliyev bildirib ki, Azərbaycanın daxilində də bu qarayaxma kampaniyasına dəstək verən qüvvələr var: "Təəssüflər olsun ki, bunlar da ölkəmizin nüfuzunun artmasını, idmanın inkişaf etməsini istəmirlər. Onlar öz maraqlarını milli maraqlardan üstün tuturlar".

E.Quliyev vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə sevinir: "Mən daim öz seçicilərimlə görüşlər keçiririəm və hamı bu Oyunları dəstəkləyir. Bu Oyunlar bizim üçün bir təməldir".

Deputat bu qarayaxma kampaniyasının da iflasa uğrayacağından əmin olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda hər dəfə belə mötəbər beynəlxalq tədbir keçiriləndə ölkəmiz bəzi xarici dairələrin hədəfinə çevrilir: "Ötən illərin təcrübəsi göstərdi ki, bu cəhdlər heç bir nəticə verə bilməz. Bu dəfə də Azərbaycan bu sınaqdan uğurla, alnıaçıq çıxacaq. Mən buna əminəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti