...

ATƏT DTİHB-nin direktoru Azərbaycanda seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb

Siyasət Materials 8 Aprel 2015 19:59 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasında görüşlər keçirilib.
ATƏT DTİHB-nin direktoru Azərbaycanda seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb

Azərbaycan, Bakı, 8 aprel /Trend/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linkin başçılıq etdiyi nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Komissiya Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan MSK sədri nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, bu münasibətlərin seçki praktikasının daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən ATƏT DTİHB-nin direktoru qarşıdan gələn seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki komissiyalarının fəaliyyət prinsipləri, eləcə də vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

X X X

Aprelin 8-də Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.

Nümayəndə heyətini salamlayan Komissiyanın sədri görüşdən məmnunluğunu ifadə edərək, MSK-nın Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini, seçkilər bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Aleksandr Qessel bu il ölkəmizdə keçiriləcək seçkilərlə bağlı görüləcək işlər və nəzərdə tutulan layihələrlə maraqlanıb. Qonaqların suallarını cavablandıran Komissiya sədri seçkilərlə bağlı atılacaq addımlardan bəhs edib və həmçinin bildirib ki, planlaşdırılan layihələrin bir çoxunun beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsi nəzərdə tutulur.

Görüşdə Avropa Şurası ilə MSK arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti