Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı və ticarətinə görə cəzalar tətbiq ediləcək. Trend-in məlumatına görə, Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr müzakirə edilib.
Trend-in məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əlavələr geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadənin qadağan olunması ilə bağlıdır.
Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci (Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi) maddə barədə məlumat verib.
Maddənin birinci hissəsinə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə, satma əməllərini törədənlər 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Digər əlavəyə görə, "Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını istehsal etməyə görə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə cəzası təyin olunacaq.
Maddənin üçüncü hissəsinə əsasən, yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.
Göstərilən əməllər bu maddə ilə bağlı artıq bir dəfə məhkum edilmiş şəxs tərəfindən törədildikdə onun 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılacağı göstərilib.
Layihələr qəbul olunub.
Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı və ticarəti ilə məşğul olanlar həbs ediləcəklər
Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı və ticarətinə görə cəzalar tətbiq ediləcək. Trend-in məlumatına görə, Milli Məclisinin bu gün keçirilən iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr müzakirə edilib.