...

Müsavatda “yarpaq tökümü” davam edir

Siyasət Materials 13 May 2015 12:40 (UTC +04:00)
Müsavat Partiyasının tanınmış üzvü Vurğun Əyyubun partiyadan çıxarılması ilə başlanan istefalar davam edir.
Müsavatda “yarpaq tökümü” davam edir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının tanınmış üzvü Vurğun Əyyubun partiyadan çıxarılması ilə başlanan istefalar davam edir.

Trend-in məlumatına görə, Müsavatın Nizami rayon təşkilatının 22 üzvü bəyanat yayaraq partiyadan istefa verib. Bəyanatda qeyd olunub ki, Müsavatın VIII qurultayından sonra Arif Hacılı başqanlıq dövründə partiyada gedən siyasi kursu öz məcrasından çıxararaq partiyadaxili dağıdıcılıq müstəvisinə keçirib.

Bəyanatda bildirilib ki, illərini partiyaya vermiş, fədakar, mübariz insanların, alimlərin, ziyalıların, partiya başqanlığına olan namizədlərin rəhbərlik tərəfindən Müsavat Partiyasından çıxarılması müsavatçılar arasında hiddətə səbəb olub: "Mövcud Divan və Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) "cəza kəsmə" məntəqəsinə və öz mənafelərinə uyğun "saxta bəyanat" verməklə kifayətlənən bir quruma çevrilib".

Bəyanatda bildirilib ki, Arif Hacılının müsavatçılara olan şəxsi "kin-küdurəti, avtoritar idarəetmə üsulu Müsavat Partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb.

Qeyd edək ki, Müsavatın tanınmış üzvü Vurğun Əyyub partiya sıralarından çıxarıldıqdan sonra partiya daxilində narazılıqlar daha da artıb. Bundan sonra Müsavat Partiyasının tanınmış üzvləri Adil Qeybulla, İbrahim İbrahimli, Boran Əzizli partiyadan istefa verib. Daha sonra Müsavat Partiyasının qərargahının qarşısında bir qrup partiya üzvü etiraz aksiyası keçirib. Etirazın təşkilatçıları isə partiya Divanının qərarı ilə üzvlükdən xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti