...

Seulda 28 May – Respublika Günü təntənəli qeyd edilib (FOTO)

Siyasət Materials 28 May 2015 13:08 (UTC +04:00)
28 May – Respublika Günü Seulda təntənəli şəkildə qeyd edilib.
Seulda 28 May – Respublika Günü təntənəli qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

28 May - Respublika Günü Seulda təntənəli şəkildə qeyd edilib.

Mayın 27-də Seul şəhərində yerləşən Milenium Seul Hilton mehmanxanasında Azərbaycanın Koreyadakı Səfiriliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycan-Koreya arasında diplomatik münasibətlərin yaranmasının 23-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Koreyadakı Səfiriliyindən verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, tədbirdə Koreya hökuməti adından fəxri qonaq qismində Koreyanın Okean və Balıqçılıq məsələləri üzrə Naziri Yu Ki-Cun iştirak edib. Rəsmi qəbulda həmçinin Koreyanın hökumət və dövlət rəsmiləri, Seulda akreditə olunmuş diplomatik missiyaların rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlər, Koreyanın universitet və beyin mərkəzlərinin, habelə Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin rəhbərliyi, mətbuat nümayəndələri, Koreyada təhsil alan Azərbaycanlı tələbələr və diaspora nümayənədələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov 28 May-Respublika Gününün önəm və əhəmiyyəti barədə danışaraq, tədbir iştirakçılarını Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb. Səfir həmçinin, müasir Azərbaycan dövlətinin müstəqilliyini əldə etdiyi dövrdə üzləşdiyi çətinliklər, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri barədə çıxış edərək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçdiyi uğurlu inkişaf yolu barədə danışıb.

R.Teymurov Azərbaycan-Koreya münasibətlərinin əhəmiyyətini vurğulayaraq, iqtisadi, mədəni, siyasi, təhsil və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini və çoxsaylı yüksək səviyyəli səfərlərin həyata keçirildiyini bildirib.

Rəsmi qəbulda Koreya hökuməti adından çıxış edən nazir Yu Ki-Cun Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Çıxışında nazir Azərbaycan və Koreyanın yaxın keçmişdə bir çox çətinliklərlə üzləşmələrinə baxmayaraq, öz milli kimliklərini qoruyub saxladıqlarını və bu gün tərəqqi və inkişaf yolunda inamla irəlilədiklərini ifadə edib.

Nazir Yu Ki-Cun Koreya ilə Azərbaycan arasında güclü tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayaraq, növbəti illər ərzində ticarət və qarşılıqlı investisiyaların qoyulması sahələrində güclü inkişafın olacağına əminliyini bildirib.

Tədbir çərçivəsində həmçinin "Bakı-2015" Birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti