...

Azərbaycanın Cenevrədəki Daimi nümayəndəliyi BMT ali komissarının qərəzli bəyanatını tamamilə rədd edir

Siyasət Materials 9 Sentyabr 2015 18:17 (UTC +04:00)
Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyi BMT-nin insan hüquqları üzrə ali komissarı tərəfindən verilmiş 8 sentyabr 2015-ci il tarixli əsassız və qərəzli bəyanatı tamamilə rədd edir.
Azərbaycanın Cenevrədəki Daimi nümayəndəliyi BMT ali komissarının qərəzli bəyanatını tamamilə rədd edir

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəliyi BMT-nin insan hüquqları üzrə ali komissarı tərəfindən verilmiş 8 sentyabr 2015-ci il tarixli əsassız və qərəzli bəyanatı tamamilə rədd edir.

Daimi nümayəndəlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndəliyi BMT-nin insan hüquqları üzrə ali komissarının spesifik işlərin təfərrüatlarına dair əvvəlcədən təqdim edilmiş düzgün və dəqiq məlumatları nəzərə almadan qərəzli mənbələr əsasında yanlış ictimai bəyanatlarına davam etməsinə görə dərin narahatlığını ifadə edir.

Çox təəssüfləndirici haldır ki, BMT-nin insan hüquqları üzrə ali komissarı məhkəmə qərarları ilə təqsirli bilinmiş şəxslərin azadlığa buraxılmasına dair çağırışlarına davam etməkdədir. Daimi nümayəndəlik müstəqil məhkəmə sisteminə müdaxiləni, 1 sentyabr 2015-ci il tarixində Xədicə İsmayılovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinməsinə dair məhkəmə qərarını qəsdən siyasiləşdirmək və təhrif etmək cəhdlərini kəskin surətdə pisləyir və qəbuledilməz hesab edir. Azərbaycan Respublikası məhkəmə hakimiyyətinin müstəqilliyini və qanunun aliliyini tam şəkildə təmin edir. Məhkəmənin qərarına hörmət edilməlidir. Eyni zamanda, hər bir şəxsin, qanunvericilikdə müəyyən edilmiş qaydada, məhkəmə qərarından apelyasiya şikayəti vermək hüququ var.

Qeyd olunanları nəzərə alaraq, Daimi nümayəndəlik BMT-nin insan hüquqları üzrə ali komissarını Azərbaycanla bağlı ictimai bəyanatlar verərkən əsaslandığı mənbələrin düzgünlüyünü və etibarlılığını yoxlamağa çağırır.

Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi və qorunmasına tamamilə sadiqdir və bu xüsusda, Daimi nümayəndəlik dialoqun konstruktiv şəkildə davam etdirilməsi ilə bağlı BMT-nin insan hüquqları üzrə ali komissarına etdiyi çağırışlarını xatırladır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti