Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Oktyabrın 21-də Moskvada Nikita Mixalkovun 70 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.
Trend-in məlumatına görə, ölkə başçısının tapşırığı ilə tədbirdə iştirak edən Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu çıxış edərək Nikita Mixalkovun təltif olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını və səmimi təbrik məktubunu oxuyub. Sonra səfir P.Bülbüloğlu "Dostluq" ordenini Rusiya Kinematoqrafçılar İttifaqının sədrinə təqdim edib.
N.Mixalkov əməyinə verdiyi yüksək giymətə görə, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O, bu yaxınlarda Bakıya səfəri zamanı İlham Əliyevlə keçirdiyi görüşü xatırlayaraq, həmin görüşün onda xoş təəssürat oyatdığını vurğulayıb və Aleksandr Qriboyedov haqqında müştərək filmin çəkilişləri ilə bağlı razılığın olduğunu qeyd edib.
Tədbirdə iştirak edən Rusiya Prezidenti Vladimir Putin N.Mixalkovu ürəkdən təbrik edib.
Qeyd edək ki, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovu Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edib.