...

Politoloq: Terrorizmin kökü indidən kəsilməsə, daha böyük fəsadlar verəcək

Siyasət Materials 14 Noyabr 2015 13:58 (UTC +04:00)
Ötən gün Fransada baş vermiş terror hadisələrinin kökündə həm İŞİD problemi, həm də Fransanın özündəki miqrant problemləri dayanır. Bunu Trend-ə politoloq Qabil Hüseynli deyib.
Politoloq: Terrorizmin kökü indidən kəsilməsə, daha böyük fəsadlar verəcək

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Ötən gün Fransada baş vermiş terror hadisələrinin kökündə həm İŞİD problemi, həm də Fransanın özündəki miqrant problemləri dayanır. Bunu Trend-ə politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynlinin sözlərinə görə, İŞİD qruplaşması bu terror hadisələrini törətməklə öz mövcudluğunu göstərməyə çalışır: "İŞİD-ə qarşı quru əməliyyatlara hazırlıq gedir, üstəlik, Rusiyanın və Suriyanın qoşunları müəyyən qədər İŞİD-ə zərbə vurmağa başlayıb. Digər tərəfdən, ABŞ Türkiyəni bu terror qruplaşmasına qarşı quru əməliyyatlar keçirməyə razı salıb. G20 toplantısından sonra İŞİD-in işini bitirmək istiqamətində ciddi addımlar atılacaq. İŞİD isə indidən müəyyən hərəkətlərlə həm öz varlığını təsdiq etməyə, həm də bəzi dövlətlərə gözdağı verməyə çalışır. Bunun üçün isə ən münasib ölkə Fransa oldu".

Politoloq bildirib ki, bu gün terrorizm bütün dünyada yayılıb: "Güman edirəm ki, bu yaxınlarda Antalyada baş tutacaq G20 Zirvə toplantısında bir nömrəli məsələ dünyada arealını genişləndirən terrorçu qruplaşmalara qarşı mübarizə olacaq. Çünki bu gün dünya ən təhlükəli inkişaf nöqtəsinə gəlib çatıb və az qala, bütün dünyanı təhdid edən vahiməli bir qüvvə ilə qarşılaşıb. Ona görə də bunun kökü indidən kəsilməsə, gələcəkdə dünyaya daha çox fəsadlar verə bilər".

Qeyd edək ki, noyabrın 13-də Fransanın paytaxtı Parisin 7 ayrı-ayrı yerində terror aktları törədilib. Hadisələr nəticəsində 150 nəfərdən çox insan ölüb. Terror aktlarının törədilməsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti