...

Azərbaycan səfiri: Aİ-də artan dözümsüzlük və ksenofobiya hallarının qarşısını vaxtında almaq lazımdır

Siyasət Materials 23 Noyabr 2015 20:03 (UTC +04:00)
Bu gün Azərbaycanın Çexiyadakı səfirliyində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin Çex Respublikasında akkreditə olunmuş səfirlərini özündə birləşdirən Praqa Qrupunun (PQ) görüşü keçirilib.
Azərbaycan səfiri: Aİ-də artan dözümsüzlük və ksenofobiya hallarının qarşısını vaxtında almaq lazımdır

Bakı. Trend:

Bu gün Azərbaycanın Çexiyadakı səfirliyində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin Çex Respublikasında akkreditə olunmuş səfirlərini özündə birləşdirən Praqa Qrupunun (PQ) görüşü keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev və İƏT PQ ölkələrinin səfirləri ilə yanaşı, xüsusi qonaq qismində Çexiyanın sənaye və ticarət naziri Yan Mladek iştirak edib.

Əvvəlcə çıxış edən F.Şəfiyev qonaqları salamlayıb və İƏT PQ-nin gündəliyində olan cari məsələlər haqqında məlumat verib. Səfir İƏT ölkələrinin Çexiya ilə birgə əməkdaşlığının əhəmiyyətinə toxunub, habelə İƏT ölkələrinin səfirlərini narahat edən məsələlər haqqında danışıb. Diplomat, xüsusilə Avropa İttifaqı və Çexiyada son zamanlar artmaqda olan dözümsüzlük və ksenofobiya hallarının vaxtında qarşısının alınmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Y.Mladek İƏT PQ-nin görüşünü təşkil etdiyinə görə Azərbaycan səfiri F.Şəfiyevə təşəkkürünü bildirib və Çexiyanın İƏT ölkələri ilə əməkdaşlığı haqqında söhbət açıb. Çexiyalı nazir, xüsusilə Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunub və ölkəmizin etibarlı tərəfdaş qismində rolunu yüksək qiymətləndirib.

Y.Mladek Çexiyanın enerji tələbatının ödənilməsində Azərbaycan neftinin əvəzedilməz roluna toxunub və ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin cari inkişaf səviyyəsindən məmnuluğunu ifadə edib.

Görüş zamanı, həmçinin Çexiyada İslam ölkələrinin mədəniyyəti və incəsənətini tərənnüm edən tədbirlərin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 2016-cı il ərzində Praqada Asiya, Afrika və Yaxın Şərqdə yerləşən İslam ölkələrinin mədəniyyətinə həsr olunacaq "Mədəni müxtəliflik" mövzusunda incəsənət sərgisinin keçirilməsi məsələsi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti