Bakı. İlhamə İsabalayeva - Trend:
Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilər əsasında yenidən formalaşmış parlament komitələrindən 8-nin sədri əvvəllər də elə komitə sədri olan deputatlar olub, əvvəllər komitə sədri olan 3 deputat isə bu dəfə komitə sədri seçilməyib.
Trend-in məlumatına görə, seçkilərindən sonra bəzi komitələrin yalnız adları dəyişdirilib, onların sədrləri isə əvvəlki deputatlar olub.
Adları dəyişdirilmiş komitələr Sosial siyasət, Təhlükəsizlik və müdafiə və İqtisadi siyasət komitələridir.
Adları dəyişdirilmiş Əmək və sosial siyasət komitəsinə (əvvəlki adı Sosial siyasət komitəsi) yenidən Hadı Rəcəbli, Müdafiə və korrupsiya ilə mübarizə komitəsinə (əvvəlki adı Təhlükəsizlik və müdafiə) yenidən Ziyafət Əsgərov, İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinə (əvvəlki adı İqtisadi siyasət) isə yenidən Ziyad Səmədzadə sədr seçilib. Aqrar siyasət komitəsinin də sədri əvvəlki sədr olan Eldar İbrahimov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri isə Səməd Seyidov olub.
Əvvəllər Təhlükəsizlik və müdafiə komitəsinin üzvü olan Siyavuş Novruzov yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsinə sədr seçilib. Milli Məclisə IV çağırış dönəmində Şəmsəddin Hacıyevin sədrlik etdiyi Elm və təhsil komitəsinin yeni sədri bu komitənin üzvü olmuş İsa Həbibbəyli seçilib. Bu komitənin əvvəlki üzvlərindən olan Aqiyə Naxçıvanlı yeni yaradılmış Ailə, qadın və uşaq məsələləri komitəsinin, Əhliman Əmiraslanov isə yeni uaradılan Səhiyyə komitəsinin sədri olub.
Mədəniyyət komitəsinin əvvəlki sədri Nizami Cəfərovun yerini bu komitənin üzvü olmuş Rafael Hüseynov tutub.
Milli Məclisin V çağırışında deputat seçilməyən Rəbiyyət Aslanovanın sədrlik etdiyi İnsan hüquqları komitəsinin yeni sədri isə vitse-spiker Bahar Muradova olub.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olan Fuad Muradov yeni yaradılan Gənclər və idman komitəsinə sədr seçilib.