...

Mübariz Əhmədoğlu: Qazaxıstanla müqayisəli təhlil ABŞ-ın Azərbaycana münasibətinin erməni parametri ilə müəyyənləşdiyini sübut edir

Siyasət Materials 8 Yanvar 2016 12:29 (UTC +04:00)
Qazaxıstanla müqayisəli təhlil ABŞ-ın Azərbaycana münasibətinin erməni parametri ilə müəyyənləşdiyini sübut edir.
Mübariz Əhmədoğlu: Qazaxıstanla müqayisəli təhlil ABŞ-ın Azərbaycana münasibətinin erməni parametri ilə müəyyənləşdiyini sübut edir

Bakı. Trend:

Qazaxıstanla müqayisəli təhlil ABŞ-ın Azərbaycana münasibətinin erməni parametri ilə müəyyənləşdiyini sübut edir. ABŞ konqresi Azərbaycana qarşı neqativ siyasət aparır, ABŞ-ın rəsmi strukturları (Ağ ev və Dövlət Departamenti) bunun qarşısını almırlar. ABŞ-ın bir qrup konqresmenlərinin erməniləri dəstəkləməsi, ermənilərin maraqlarına uyğun Azərbaycana qarşı siyasət aparmaları faktdır.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, həm də elə faktdır ki, bunu gizlətmək mümkün deyil, demokratiya, insan hüquqları məsələsi sadəcə bəhanədir: "İşin kökündə Dağlıq Qarabağ məsələsində ermənilərə dəstək verməsidir. ABŞ Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın müstəqil siyasətinə müdaxilə edə bilmir. Ona görə, işini Ermənistanın işğalçı Qarabağ siyasətinə dəstək vermək üzərində qurub. Amerikalı həmsədr Uorlikin Azərbaycanın xeyrinə bir- iki bəyanatı konkret olaraq həmin şəraitdə verilmiş bəyanatlardır. Uorlik ABŞ-ın Dağlıq Qarabağ siyasətini ermənilərə dəstək siyasəti kimi başa düşür və bu qaydada reallaşdırır. Uorlik ABŞ-ın Dağlıq Qarabağ siyasətinin müəllifi olmasa da əsas icraçısı və ordinatorudur. Məhz o səbəbdən ABŞ konqresi Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəst mövqeyini günü-gündən gücləndirir".

M.Əhmədoğlu qeyd edib ki, Uorlik ABŞ konqresində Dağlıq Qarabağın müstəqilliyinin qeyd olunmasına icazə verir, digər tərəfdən ABŞ-ın Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bildirir: "Ona görə, indi konqresdə erməni işğalçılığını möhkəmləndirən ideyanı 85 konqresmen dəstəkləyir. ABŞ konqresmenləri hətta özlərinin 1989-cu ildə qəbul etdikləri qətnamə ilə tanış olmaq niyyətində deyillər. Tanış olsaydılar ermənilərin onları necə aldatdıqlarının sübutları ilə tanış ola bilərdilər. ABŞ konqresində Dağlıq Qarabağ tənzimlənməsinə dair ermənilərə dəstəkdən başqa heç bir fikir yaxın buraxılmır. ABŞ-ın demokratiya siyasətində digər Cənubi Qafqaz regionunda heç bir normal demokratik model təqdim edə bilməyib. Tutaq ki, Azərbaycan anadangəlmə antidemokratikdir, Gürcüstanda və Ermənistandakı demokratik vəziyyət də standartdan xeyli uzaqdır".

Politoloq deyib ki, ABŞ-ın bu iki dövlətdə demokratiyanı inkişaf etdirə bilməməsi Azərbaycandan asılıdırsa, ABŞ Azərbaycanın Cənubi Qafqaz regionunun sahibi olduğunu etiraf etməlidir: "ABŞ-ın Azərbaycana qarşı demokratik pozuntulardan istifadə etməsi onun siyasiləri və diplomatları üçün də alçaldıcı göstəricidir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.Kozlariç və Makkeyn mərkəzinin rəhbəri D.Kramer sanki analitik düşüncədən məhrumdurlar. ABŞ-ın regiona bələd olan diplomatları Qazaxıstandakı vəziyyətlə Azərbaycandakı vəziyyətin müqayisəli təhlilini aparsalar, o zaman bəlli olacaq ki, ABŞ-ın Azərbaycana münasibətində neqativ fonu yaradan demokratiya, insan hüquqları ilə əlaqəli məsələlər deyil, yalnız erməni parametrinə söykənən məsələlər yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti