Bakı. Trend:
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-da keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dəvət olunması böyük əhəmiyyət kəsb edir". Trend-in məlumatına görə, bu fikri Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısını bu sammitə dəvət etməsi ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin göstəricisidir.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə terrorizmlə mübarizəyə qətiyyətli dəstək verir: "Azərbaycan terrordan əziyyət çəkən dövlətdir. Ona görə də bəşəriyyətə qarşı bu böyük təhlükəni yaxşı başa düşür. Ölkəmiz hər zaman beynəlxalq təhlükəsizliyə öz töhfələrini verir".
Millət vəkili qeyd edib ki, Azərbaycanın nüvə təhlükəsizliyi sammitinə dəvət olunması ölkəmizin beynəlxalq müstəvidə oynadığı rola verilən qiymətdir.