Bakı. Seymur Əliyev - Trend:
Rusiya Azərbaycanla qarşılıqlı münasibətlərinin səviyyəsini yüksək qiymətləndirir. Trend-in məlumatına görə, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunu üzrə mətbuata bəyanatında deyib.
D.Medvedev bildirib: "Biz Azərbaycanla qarşılıqlı münasibətlərin belə səviyyəsini, dostluq ənənələrini, qarşılıqlı anlayışı yüksək qiymətləndiririk. Bunlar əsrlər ərzində formalaşıb və hazırda öz yaxşı bəhrələrini verir".
Baş nazirin sözlərinə görə, görüşdə tərəflər gündəlikdə duran bütün məsələləri üzrə müzakirə aparıblar: "Hazırda Rusiya və Azərbaycan iqtisadi inkişafın elə də asan mərhələsində deyil. Makroiqtisadi vəziyyət, xarici bazarların təsiri, neft-qaz bazarı, valtuta məzənnələrinin dəyişkənliyi bu və ya digər formada iqtisadi gündəliyi korrektə edir".
Onun sözlərinə görə, bu səbəbdən həmişə inkişaf edən və olduqca əhəmiyyətli olan iki ölkə arasındakı əmtəə dövriyyəsi son vaxtlar bir qədər azalıb: "Lakin azalma dramatik və böyük deyil. Əmtəə dövriyyəsinin azalmasını natural ifadədə götürsək, bu, bir neçə faizdir. Dəyər ölçülərində isə o böyükdür, lakin ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üzrə səylər qəbul edilsə, onu kompensasiya edə bilərik".
Baş nazir diqqətə çatdırıb ki, bunun üçün ilkin şərtlər var: "Yeni layihələr axtarmaq lazımdır. Hökumətlərarası komissiyanın fəaliyyətini aktivləşdirmək lazımdır, hərçənd həmkarlar pis işləmir. Edilənlərə görə Rusiya hökuməti adından böyük minnətdarlıq bildirmək istərdim".
D.Medvedev qeyd edib ki, aparılmış danışıqlar zamanı Rusiya-Azərbaycan işgüzar şurasının fəaliyyətini aktivləşdirmək üçün razılaşma əldə olunub, çünki tərəfdaşlıq təkcə hökumətin xətti ilə deyil, həm də biznesin xətti ilə həyata keçirilməlidir: "Bizim bir sıra iri layihələrimiz, enerji layihələrimiz, nəqliyyat layihələrimiz var. Bütün bu istiqamətər üzrə işi intensivləşdirmək istəyirik ki, iqtisadiyyatlarımızın inkişafına təkan verək".
Rusiya hökumət başçısının sözlərinə görə, Azərbaycan və Rusiya arasında digər qəbildən olan enerji layihələri var: "Həmin layihələr iki ölkə arasında əməkdaşlığın inkişafına, o cümlədən elektrik enerjisi sahəsinə töhfə vermək iqtidarındadır. Xüsusilə indiki şəraitdə tarixi, qarşılıqlı marağı, turizm təmaslarının intensivləşdirilməsi imkanlarını nəzərə alsaq, humanitar əməkdaşlıq da qarşılıqlı fəaliyyətimizin vacib faktorlarından biri olaraq qalır. Bütün bunlar gündəlikdə qalır".
D.Medvedev deyib ki, Rusiya hökuməti nümayəndə heyətinin səfəri əvvəlcədən planlaşdırılmışdı, lakin münaqişə zonasında eskalasiyaya görə tez baş tutdu: "Hesab edirəm ki, Ermənistana və Azərbaycana belə səfər etmək tərəfimizdən tamamilə düzgün qərar idi. Şadam ki, tərəfdaşlarımız da belə qiymət verirlər, çünki qonşularımızla münasibətlərimizə dəyər veririk və bu baxımdan təmasların simmetrik formada inkişaf etməsi zəruridir".
O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putun və özü son günlər Dağlıq Qarabağda baş vermiş hadisələrə qiymət verib, Rusiyanın xarici işlər naziri isə ötən gün Bakıda olub və müvafiq danışıqlar aparıb: "Biz münaqişənin sülh yolu ilə nizamlanması ideyasına maksimum sadiqik. Biz hamımız bu prosesda iştirak etmişik".
Baş nazir xatırladıb ki, o özü müəyyən dövrdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə aktiv məşğul olub: "Hesab edirəm ki, danışıqlara, sülh yolu ilə tənzimləməyə alternativ yoxdur. Buna görə də atəşin dayandırılmasını alqışlayırıq. Ümid edirik ki, atəşin dayanması davamlı, uzunmüddətli xarakter daşıyacaq və danışıqların "donunu" açaraq son illər formalaşan yanaşmalar çərçivəsində daha irəli getmək, tərəflərin mövqelərini yaxınlaşdırmaq, güzəştlər tapmaq üçün etibarlı əsas olacaq. Belə ki, heç bir münaqişə hər hansı tərəfin qələbəsi ilə başa çatmır, bu, həmişə mürəkkəb güzəştlər yığınıdır. Bunlara getmək lazımdır ki, münaqişə aradan qaldırılsın və dünyada davamlı sülh yaradılsın".
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun iştirakçısı, onun həmsədri kimi bundan sonra da bütün bu işləri aparmağa hazırdır və Rusiya hökuməti nümayəndə heyətinin Bakıya səfəri də bu faktlarla bağlıdır: "Ümid edirəm ki, bütün bunlar etimadın möhkəmləndirilməsinə və maksimum əlverişli nəticəyə nail olmağa xidmət edəcək. Rusiya Azərbaycan və Ermənistan kimi, regionda sülhün olmasında maraqlıdır. İstərdim ki, hamı da bunu anlasın".
Sonda Rusiya hökumətinin sədri ikitərəfli əməkdaşlığın bütün məsələlərinin müzakirəsi üçün yaradılmış şəraitə və gözəl ab-havaya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib, Azərbaycan xalqına əmin-amanlıq və çiçəklənmə arzulayıb.