...

İlham Əliyev: Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox baha başa gəldi

Siyasət Materials 9 May 2016 22:59 (UTC +04:00)
“Azərbaycanda əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində vəziyyət tənəzzülə uğrayırdı.
İlham Əliyev: Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox baha başa gəldi

Bakı. Trend:

"Azərbaycanda əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində vəziyyət tənəzzülə uğrayırdı. Siyasi böhran iqtisadi böhranla tamamlanırdı. Xalq arasında o vaxtkı iqtidara inam tamamilə tükənmişdi. Vətəndaş müharibəsi başlamışdı. Ermənistanın işğalı alovlanırdı, genişlənirdi, torpaqlarımız işğal altına düşürdü. Şuşa, Laçın, ondan sonra Kəlbəcər rayonlarının işğalı nəticəsində Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlılıq yaranmışdı".

Bunu Prezident İlham Əliyev Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, belə ağır vəziyyətdə xalq yenə də Heydər Əliyevə müraciət etdi. Onu hakimiyyətə dəvət etdi və ümidləri ancaq ona bağlayırdı: "Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev öz xalqının yanında idi. Öz xalqına rəhbərlik etməyə razılıq vermişdir. 1993-cü ildən başlayaraq, Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. Azərbaycanda qayda-qanun yaradıldı və ölkə inkişaf dövrünə qədəm qoydu.

Ondan sonrakı dövr - 1993-2003-cü illəri əhatə edən dövr inkişaf, sabitlik dövrü olmuşdur. Azərbaycanda siyasi sistem formalaşmışdır. Konstitusiya qəbul olunmuşdur. Azərbaycan dünyaya öz imkanlarını təqdim etmişdir. "Əsrin kontraktı" imzalanmışdır. Sonra isə "Şahdəniz" qaz yatağının işlənməsi üzrə kontrakt imzalanmışdır. Demokratik islahatlar aparılmağa başlanılmışdır. Məhz o illərdə milli ideologiyamız - Azərbaycançılıq məfkurəsi formalaşmışdır ki, bu gün də bütün Azərbaycan xalqını birləşdirir. Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişafı və buna güclü təkan verilməsi prosesi başlanmışdır. Bu gün bu, bizim böyük sərvətimizdir. Azərbaycan dünya miqyasında multikultural cəmiyyət kimi özünü təqdim edir və bizim nümunəmiz bir çox ölkələrdə dərin təhlil olunur".

İlham Əliyev vurğulayıb ki, 1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur: "Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin.

Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox baha başa gəldi. O hadisələri yada salarkən bir daha görürük ki, bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır. Bu gün Azərbaycan müstəqil dövlət kimi özünü dünya miqyasında təsdiqləyib. Müstəqilliyə gedən yol, bax, qeyd etdiyim hadisələrdən başlamışdır".

Prezident deyib ki, 2003-cü ildən sonra Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir: "Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz Ulu Öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk. Təbii ki, vəziyyət dəyişir, dünya dəyişir. Bu gün bölgədə yaşanan hadisələr, problemlər o vaxt mövcud deyildi. Biz bütün çağırışlara hazırıq. Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir. Bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Son illərin tarixi bunu bir neçə dəfə sübut etmişdir.

Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb. Cəmiyyət vahid amal uğrunda birləşib. Azərbaycanın gələcək inkişafı ilə bağlı, inkişafa gedən yollarla bağlı cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Xalq-iqtidar birliyi bu gün bizim inkişafımızın əsas şərtidir, sabitliyimizin əsas amilidir. İctimai-siyasi sabitlik göydən düşmür. Buna nail olmaq üçün düşünülmüş siyasət aparılmalıdır. O siyasət ki, xalqın tələblərinə, ümidlərinə cavab verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti