Bakı. Trend:
Nə qədər mümkünsə, pambığın alış qiyməti qaldırılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
Prezident deyib ki, ixracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir: “Bu nə ilə bağlıdır? İlk növbədə, biz bunu ona görə etməliyik ki, ölkəmizin mövcud olan bütün kənd təsərrüfatı potensialını 100 faiz səviyyəsində həyata keçirək. Bir qarış torpaq boş qalmamalıdır. Bu, məhsuldarlığı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq. Kənd təsərrüfatının inkişafı Azərbaycanda prioritet sahədir. İndi fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Böyük həcmdə subsidiyalar verilir. Fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın vəsait verilir. Kənd təsərrüfatı texnikası, gübrələr alınır, onlar və yanacaq fermerlərə güzəştli şərtlərlə verilir. Burada da həm dövlət nəzarəti, ictimai nəzarət güclü olmalıdır, həm də yerli icra orqanları bu işlərdə daha da fəal olmalıdırlar ki, dövlət tərəfindən ayrılan vəsait ünvana çatsın və bunun nəticəsi olsun. Ona görə, subsidiyalarla bağlı məsələlər indi təhlil edilir, yeni təkliflər hazırlanır.
Bununla bərabər, bildiyiniz kimi, dünyada neftin qiymətinin düşməsi ilə bağlı bizim gəlirlərimiz də azalıb. Əgər qiymət üç-dörd dəfə düşürsə, gəlirlər də üç-dörd dəfə azalır. Biz Azərbaycana valyuta axınını təmin etməliyik. Ona görə, ixracyönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır. Pambıq da ixracyönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa “Ağ qızıl” deyirlər. Bu il pambıqçılığın bərpasının birinci ilidir. İndi statistikaya baxdıqda göz önünə çox acınacaqlı mənzərə çıxır. Əgər Ulu Öndərin yorulmaz səyləri və zəhmətkeşlərin böyük fədakarlığı nəticəsində 1970-80-ci illərdə bir milyon ton pambıq tədarük edilirdisə, keçən il cəmi 35 min ton yığılıb. Əgər o illərdə 300 min hektarda pambıq əskilirdisə, keçən il cəmi 18 min hektarda pambıq əkilib. Bu, nə deməkdir?! Bu, pambıqçılığın məhvi deməkdir. Bu, dözülməzdir və artıq ciddi tədbirlər görülür. Düzdür, biz bu il bir az gecikmişik. Ancaq bu il yenə də yaxşı nəticələr gözlənilir. Bu gün burada rayonlar üzrə çıxış edənlər məruzələrində deyəcəklər. Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur. Əgər keçən il 35 min ton pambıq yığılıbsa, bu il ən az 100 min ton pambıq yığılmalıdır. Gələn il üçün bizim daha da böyük planlarımız var. Gələn ilə hazırlıq işləri artıq başlayıb. Bu il buna böyük vəsait sərf olunub, operativ olaraq bütün lazımi tədbirlər görülübdür. Suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlər görülüb, yeni pambıqyığan kombaynlar, minlərlə adda kənd təsərrüfatı texnikası gətirilib və bəzi texnikalar hələ ki, yoldadır. Gələn ay onlar da gəlib çatacaq və 2017-ci ildə də gətiriləcək”.
İlham Əliyev bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi indiki şəraitdə gəlirlərimiz 3-4 dəfə azalıb:
“Buna baxmayaraq biz yenə də kənd təsərrüfatı texnikası alıb fermerlərə güzəştli şərtlərlə vermək üçün yüz milyonlarla dollar vəsait xərcləyirik ki, onlar da pul qazansınlar və dövlətə də bunun xeyri olsun. Pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda, sosial məsələdir. Çünki mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir. Son 13 il ərzində ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi nailiyyətdir. İşsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılıb. Ancaq bu, daimi proses olmalıdır. Nə üçün? Çünki bəzi başqa ölkələrdən fərqli olaraq Azərbaycanda demoqrafik dinamika çox müsbətdir. Bu da bizim iqtisadi inkişafımızla bağlıdır və əhali artır. Əgər 1970-ci illərdə əhali təqribən 7 milyon nəfər idisə, bu gün 10 milyona yaxınlaşır. Əgər o illərdə pambıq yığımına tələbələri cəlb edirdilərsə, bu gün buna ehtiyac yoxdur. Çünki bizdə kifayət qədər əmək resursları var. Ona görə, pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılması deməkdir. Hesab edirəm ki, gələn il əkin sahələri daha da artacaq və beləliklə, işləyənlərin sayı da artmalıdır. Pambıq əkilən rayonlarda yüz minlərlə insan bu işlərə cəlb ediləcək. Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır. Bu gün buraya gələrkən görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma xanım Hüseynovanın briqadasında olmuşam. Sağ olsun, mənim üçün çay süfrəsi də açmışdı. Biz yaxşı xatirələri bölüşdük, gəlin Fatma xanımı salamlayaq. Orada da söhbət əsnasında deyildi ki, bəli, alış qiymətləri artıb, ancaq yaxşı olar bir az da artsın. Əlbəttə, yaxşı olar, biz də bunu istəyirik, fəhlələr üçün daha yaxşı olacaq. Ona görə, mən indi müvafiq orqanlara tapşırıq verirəm ki, - Prezident Administrasiyası, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirlikləri, pambıqla məşğul olan firmalar da baxsınlar, - biz nə qədər mümkünsə, əlbəttə, alış qiymətini qaldırmalıyıq. İlk növbədə ona görə ki, insanlar daha da çox pul əldə etsinlər. Eyni zamanda, biz pambıqçılığın inkişafının stimullaşdırılması üçün əlavə tədbirlər görməliyik. Biz bu il qısa müddət ərzində - cəmi bir neçə ayda inzibati yollarla böyük işlər gördük, texnikanın cəlb edilməsi, suvarma, elektrik ilə bağlı məsələləri operativ qaydada həll etdik. Ancaq biz elə etməliyik ki, kəndlilər özləri də maraqlı olsunlar. Belə olan halda əlbəttə ki, biz daha da çox məhsul əldə edəcəyik.
Əlbəttə, məhsuldarlıqla bağlı olan məsələlər də gündəlikdədir. 1970-ci illərdən fərqli olaraq bu gün dünyada daha da müasir texnologiyalar var və biz o texnologiyaları Azərbaycana gətiririk və gətirməliyik ki, məhsuldarlıq daha artsın. Əgər keçən il hektardan məhsuldarlıq 20 sentner idisə, hesab edirəm ki, biz görüləcək tədbirlər nəticəsində bunu təqribən 30-35, bəlkə də 40 sentnerə qaldıra bilərik. Beləliklə, özünüz yaxşı bilirsiniz ki, bu, nə deməkdir. Mən Prezident Administrasiyasının bu işlərdə fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə baxmayaraq biz məhz Prezident Administrasiyasının səyi və yerli icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu dönüşə nail ola bildik. İcra başçıları da, fəallar da, zəhmətkeşlər də çox yaxşı işlədilər".
Dövlət başçısı qeyd edib: "Bir daha demək istəyirəm ki, 2016-cı il pambıqçılığın inkişafı üçün həlledici il olacaq. Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azərbaycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq. Dediyim kimi, bunun həm insanlara, həm dövlətə böyük xeyri olacaq".