...

Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyinin bizi hədələməsinə gülməyimiz gəlir

Siyasət Materials 31 Mart 2017 14:52 (UTC +04:00)
"Ermənistan rəhbərliyinin bizi hədələməsinə gülməyimiz gəlir".
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyinin bizi hədələməsinə gülməyimiz gəlir

Bakı. Trend:

"Ermənistan rəhbərliyinin bizi hədələməsinə gülməyimiz gəlir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir:

"Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır".

İlham Əliyev əlavə edib: "Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın.

Bizim işimiz haqq işidir. Bunu xalqımız, beynəlxalq aləm bilir və bizim haqq işimiz bizə haqq verir ki, məsələni istədiyimiz yolla həll edək. Baxın, BMT Təhlükəsizlik Şurası, - dünyada bu təşkilatdan ali qurum yoxdur, - dörd dəfə qətnamə qəbul edib və tələb edib ki, erməni silahlı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Əməl edilmir. Amma bu, beynəlxalq təşkilatın qərarıdır, qətnaməsidir. Bu, əsasdır. Digər beynəlxalq təşkilatlar da oxşar qərarlar qəbul ediblər. Yəni, bu, məsələnin həlli üçün hüquqi baza yaradır, çox önəmlidir. Əgər biz buna tarixi həqiqəti də əlavə etsək, əlbəttə ki, burada iki fikir ola bilməz. Dağlıq Qarabağ tarixi və hüquqi cəhətdən Azərbaycan torpağıdır və biz, əlbəttə ki, bu torpaqlara qayıdacağıq. Bunun üçün daha güclü olmalıyıq. Bütün siyasi və beynəlxalq tədbirlər görülübdür. Sadəcə olaraq, iqtisadiyyatımızı, ordumuzu daha da gücləndirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti