...

BMT-nin ali nümayəndəsi: Mədəniyyətlərarası dialoqun inkişafı zorakı ideyaların aradan qalxmasına imkan verir

Siyasət Materials 4 May 2017 17:38 (UTC +04:00)
Mədəniyyətlərarası dialoqun inkişafı zorakı və ekstremist ideyaların aradan qalxmasına imkan verir.
BMT-nin ali nümayəndəsi: Mədəniyyətlərarası dialoqun inkişafı zorakı ideyaların aradan qalxmasına imkan verir

Bakı. Elçin Mehdiyev – Trend:

Mədəniyyətlərarası dialoqun inkişafı zorakı və ekstremist ideyaların aradan qalxmasına imkan verir.

Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, mədəniyyətlərarası dialoq dünyada sülhə və barışığa nail olmağa imkan yaradır:

"Bu gün mədəni müxtəlifliyə hörmət etmək, birgəyaşayış çox mühümdür. "Bakı prosesi" belə bir platformanın yaranmasına imkan verir. Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu müasir dünyamızın mühüm amilinə çevrilib".

BMT-nin ali nümayəndəsi bildirib ki, mədəniyyətlərarası dialoqun inkişafı zorakı və ekstremist ideyaların aradan qalxmasına şərait yaradır:

"İnanıram ki, builki forumda da bu və digər istiqamətdə mühüm müzakirələr aparılacaq. Azərbaycan bu gün dünyada mədəniyyətlər və dinlərarası dialoqun inkişafına mühüm töhfə verir və bu forumda iştirak etdiyimə görə çox şadam".

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Mayın 6-dək davam edəcək Forum çərçivəsində bu gün Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti