...

TEAS direktoru: Bu vəhşiliyi törədənlər Beynəlxalq Cinayət Məhkəməsində məsuliyyətə cəlb olunmalıdır

Siyasət Materials 7 İyul 2017 16:20 (UTC +04:00)
Bu vəhşiliyi törədənlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
TEAS direktoru: Bu vəhşiliyi törədənlər Beynəlxalq Cinayət Məhkəməsində məsuliyyətə cəlb olunmalıdır

Bakı. Trend:

Bu vəhşiliyi törədənlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Trend-in məlumatına görə, bu, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetterin “The Times”, “The Guardian”, “The Economist” və “New York Times” kimi milyonlarla oxucu auditoriyası olan nüfuzlu qəzet və dərgilərə ünvanlanan müraciətində deyilir.

Müraciətdə bildirilir:

“Dünyada o qədər münaqişə var ki, Dağlıq Qarabağ münaqişəsi yaddan çıxıb. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri Azərbaycan kəndlərində yaşayan dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar. İyulun 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonun Alxanlı kəndini iriçaplı silahlardan atəşə tutublar. Bu vəhşilik nəticəsində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetiriliblər. Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə qəbul olunmuş 12 avqust 1949-cu il tarixli “Cenevrə Konvensiyası” və digər beynəlxalq sazişlərin tələblərinə ziddir. Bu vəhşiliyi törədənlər həm Ermənistan hakimiyyəti, həm də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Artıq 29 ildir ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal altında saxlayırlar. Birləşmiş Millətlər Təşkilatının erməni silahlı qüvvələrinin münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsinə əməl olunmasının vaxtı yetişib".

“The Economist” jurnalına ünvanlanan məktubda vurğulanır ki, Cənubi Qafqaz və Xəzər hövzəsi regionları çox böyük iqtisadi potensiala malikdirlər: "Bu potensial Azərbaycan və Ermənistan arasında sülh olmayanadək tam reallaşa bilməz. Son hadisə bunu bir daha təsdiq etdi. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri Azərbaycan kəndlərində yaşayan dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar. Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi bu ölkənin iqtisadiyyatını çökdürüb. Heç bir təbii sərvətə malik olmayan bu ölkə BP-nin rəhbərliyi ilə Azərbaycanda gedən neft məhsulları bumundan faydalana bilərdi. Azərbaycanla münaqişədə olduğu üçün bütün neft kəmərləri Ermənistan ərazisindən yan keçirlər. Ermənistan iqtisadiyyatı bütövlüklə Metsamor Atom Elektrik stansiyasından asılıdır. Bu Sovet dönəmindən qalma AES Çernobıl AES-i kimi bir çox çatışmazlığa malikdir. Ermənistanın Azərbaycan və Türkiyə kimi qonşuları ilə sərhədləri bağlıdır. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları yerləşir. Beynəlxalq qurumlar münaqişənin sülh yolu ilə həllini tələb etməlidirlər. Onlar erməni silahlılarının dinc Azərbaycan əhalisini öldürdüyünü unutmamalı və qanunsuz işğalın dayandırılması üçün Ermənistana təzyiq göstərməlidirlər”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti