Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Bakıda səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Trend-in məlumatına görə, qonaqları salamlayan YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanla Vyetnam arasında əməkdaşlıq münasibətləri mövcuddur. O qeyd edib ki, bu səfər iki ölkənin hakim partiyaları arasında da əlaqələrin daha da inkişaf etməsinə şərait yaradacaq.
Səmimi qarşılamaya görə təşəkkürünü bildirən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) katibi Çionq Txi May qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi inkişaf gedir və bu da əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradır. O bildirib ki, Azərbaycanla Vyetnam arasında ənənəvi əməkdaşlıq münasibətləri var. O xüsusilə vurğulayıb ki, Azərbaycanda vaxtilə neft sahəsində təhsil alan vyetnamlı tələbələr hazırda Vyetnamda yüksək vəzifə tuturlar.
Qonaq əlavə edib ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirir.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin deputatı, icra katibinin müavini Siyavuş Novruzov da iştirak edib.